İranda azərbaycanlılar prezident seçkilərində aktiv iştirak etmək və dəstək verməklə Məsud Pezeşkianın qələbəsində əhəmiyyətli rol oynadı. İndi isə haqlı gözləntiləri var. Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib ki, türklər Məsud Pezeşkianın quracağı kabinetdə neçə azərbaycanlı mütəxəssis və təcrübəli kadra yer verəcəyini gözləyirlər: "Azərbaycanlı millət vəkilləri Pezeşkian və onun quracağı hökuməti tam dəstəkləyir. Bununla da yeni hökumətdə Azərbaycanın özünün layiq olduğu tarixi statusu yenidən qazanacağına ümid edirlər".
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, İranda keçirilən seçkilərdə, daha doğrusu, nəticələrində Azərbaycan türklərinin böyük rolu oldu. Professorun sözlərinə görə, Məsud Pezeşkian indiki dövrün məcburi seçimi idi:
"İranın ayrı seçim şansı qalmamışdı. Dövlət kimi ayaqda qalmaq üçün müəyyən reformlara getməlidir. Namizədlər içində ən uyğun variant Məsud Pezeşkian idi. Amma hadisələrin gedişi göstərir ki, Pezeşkian bir çox məsələdə molla-fars rejimi ilə razılaşmaq məcburiyyətində qalacaq. Azərbaycanlıların Pezeşkianın quracağı yeni hökumətdə təmsil olunmaq istəyi təbiidir və bunun baş verməsi də mümkündür. Əvvəlki hökumətlərdə də Azərbaycan türkləri bu və ya digər vəzifələri tuturdular. Həmişə hökumət kabinetində 5-6 nazir türk olub. Yəqin ki, yeni hökumətdə də türklərə yer veriləcək. Hətta sayları bir qədər çox ola bilər. Ancaq bu amil nəyisə dəyişmək gücündə deyil".
C.Nuriyevin qənaətincə, İranda hökumətin problemli məsələlərlə, xüsusən türklərlə bağlı hansısa addım atacağı gözlənilmir: "Çünki buna imkanları, səlahiyyətləri çatmır. İranda sosial vəziyyət çox mürəkkəbdir. Siyasi-hərbi vəziyyət də qənaətbəxş deyil. Bu vəziyyətin də müsbətə doğru dəyişəcəyi gözləntisi yoxdur. İran ümumiyyətlə dəyişməlidir. 45 il əvvəl baş vermiş islam inqilabı İran üçün yaxşı heç nə gətirmədi. Əskinə, İran ciddi problemlərlə üzləşdi. İslam dini də olduğu kimi təbliğ olunmur. Təbii ki, dini rəhbərdən asılı olan prezident və hökumət mövcud vəziyyəti dəyişmək gücündə deyil".