Fransa ilə İran arasında razılaşma mövcuddur
Ermənistan məsələsində İran Fransanın apardığı siyasəti regionda icra edən ölkədir
İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilənin imzalanması ilə bağlı məlumatın mediaya düşməsi İrəvan və Tehranı narahat edib. İranın Ermənistandakı səfiri Mehdi Sübhani xəbəri təkzib edib və bu məlumatı yayanları İran və region ölkələri arasında dostluq əlaqələrinə zərbə vurmağa çalışan qərəzli dairələr adlandırıb. Lakin bir çox mənbə İrəvan-Tehran arasında hərbi sazişi təsdiqləyiblər. Həm də bu cür müqavilələr İran və Ermənistan arasında açıq və ya gizli formada dəfələrlə imzalanıb. İranın 30 il ərzində Ermənistana arxa çıxması heç kimə sirr deyil. Qeyd edək ki, iki ölkə arasında hərbi müqavilənin dəyərinin 500 milyon dollar olduğu deyilir. Məlumata görə, müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemləri daxildir.
Millət vəkili Nəsib Məhəməliyev deyib ki, İranın Ermənistana 500 milyon dollarlıq silah satması acı təəssüf doğurur. Deputatın sözlərinə görə, bu cür addımlar onsuz da həssas olan bölgədə gərginliyin daha da artmasına səbəb olur:
"Bu o deməkdir ki, molla rejimi Azərbaycana yönəlik siyasətində dəyişiklik etmək istəmir. Nəyin bahasına olursa-olsun, işğalçını dəstəkləməkdə davam edir. Ermənistanın Qərblə yaxınlaşmasına görə, İranla münasibətlərdə soyuqluq yaranması sadəcə görüntüdür. Əslində, "erməni məsələsi" İranla Qərbin siyasətinin üst-üstə düşən yeganə məsələdir. Biz bunu 30 illik işğal dövründə də, işğaldan sonrakı mərhələrdə də müşahidə etmişik. İran hər zaman Ermənistana iqtisadi-siyasi və mənəvi dəstək verən dövlətlərin başında gəlir. Ermənistana rəhbərlik etmiş prezidentlərin hər biri dəfələrlə bunu etiraf ediblər. Münasibətlərin tarixinə nəzər salsaq, məsuliyyətlə deyə bilərik ki, Ermənistan məsələsində İran Fransanın apardığı siyasəti regionda icra edən ölkədir. Konkret olaraq, Fransa ilə İran arasında bu barədə razılaşma mövcuddur".
Parlament üzvü xatırladıb ki, qeyd olunanlarla yanaşı, Ermənistan Fransa və Hindistan kimi dövlətlər tərəfindən də silahlandırılır: "Ermənistan ordusu ABŞ hərbçiləri tərəfindən təlimatlandırılır. Bütün bunlar geosiyasi rəqabətin, toqquşmaların nəticəsində baş verir və regionda gərginliyin artırılmasına hesablanıb. Məqsəd Cənubi Qafqaz regionuna, kommunikasiya yollarına nəzarəti ələ keçirməkdir. İranın rolu isə sürətlə birləşməkdə olan türk dünyasının vahid güc mərkəzinə çevrilməsinin qarşısını almaqdır".