Ermənistanın başından paralar axıdılır

İrəvan güc mərkəzləri xüsusi missiyanı yerinə yetirmək üçün əlindən gələni edir

“Söhbət Rusiyanın təşəbbüsü ilə yaradılmış və Rusiyanın aparıcı olduğu birlikləri dağıtmaqdan və Rusiyanın keçmiş sovet ittifaqı ərazisində mövcud olan nüfuzuna zərbə vurmaqdan gedir”

  Ermənistanla Avrasiya İnkişaf Bankı arasında daha bir kredit sazişi imzalanıb. Bankın Avrasiya Sabitləşdirmə və İnkişaf Fondundan Ermənistana 100 milyon dollar ayrılacaq. Ötən həftə bu fonddan Ermənistan hökumətinə 2 milyon pul verib. Üstəlik, ABŞ Senatı Ermənistana 65 milyon dollar məbləğində yardım nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Amerika Erməni Assambleyasının Konqreslə əlaqələr üzrə direktoru Mariam Haloyan Senatın erməni xalqına dəstəyini alqışlayıb. Qeyd edək ki, aprelin 5-də Brüsseldə keçirilən Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündə əldə olunan razılaşmaya görə, Avropa İttifaqının Ermənistana 270 milyon avro, ABŞ-nin isə 65 milyon dollar yardım ayırması nəzərdə tutulub. Sözügedən məbləğin bir qismi artıq Ermənistana verilib. Maliyyə ayıranlar bunun səbəbini Ermənistanın həddindən artıq borclanması ilə əlaqələndiriblər. Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib ki, 12 milyard dollar dövlət borcu olan və əhalisinin 50 faizinin ağır şəraitdə yaşayan ölkəmizin Avropa İttifaqına üzv olmalı olduğunu deyənlər real vəziyyəti dərk etmir. O bildirib ki, hazırda büdcə xərclərinin 13 faizi iqtisadi və sosial problemlərin həlli əvəzinə borcların ödənilməsinə yönəldilir. N.Sarkisyanın fikrincə, bu templə davam etsə, yaxın vaxtlarda Ermənistan dövlət əmlakını satışa çıxarmalı olacaq.
  Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi Ermənistana daim yardımlar edib və bu yardımlar Azərbaycana ayrılan vəsaitlərdən dəfələrlə artıq olub. Ekspertin sözlərinə görə, bu, yeni hadisə olmasa da, Ermənistanın üzərinə xüsusi missiya qoyulub

"Ermənistan hökuməti bu missiyanı yerinə yetirmək üçün əlindən gələni edir. Söhbət Rusiyanın təşəbbüsü ilə yaradılmış və Rusiyanın aparıcı olduğu birlikləri dağıtmaqdan və Rusiyanın keçmiş sovet ittifaqı ərazisində mövcud olan nüfuzuna zərbə vurmaqdan gedir. Təbii ki, son dərəcə təhlükəli missiyadır. Ancaq Paşinyan bu işi başlayıb və Ermənistana hansı problemlərin yaranacağını dərk etmədən irəliləyir. Paşinyan KTMT-ni tərk etmək üçün çalışır. Həmin hərbi qurumda Ermənistan nümayəndəsi artıq təmsil olunmur. Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi. Əvəzində ABŞ ilə artıq ikinci dəfədir hərbi təlimlər keçirir. Bu da Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə ziddir. Həmin müqaviləyə görə, Ermənistan ərazisinə dəvət olunan hərbi qüvvələr Rusiya ilə razılaşdırılmalıdır. Söhbət Rusiya bazası haqqında 49 illik müqavilədən gedir. Hələlik Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmağa tələsmir. Çünki kifayət qədər ciddi qazancı var. Eyni zamanda Rusiya ilə iqtisadi əlaqələr də Ermənistanın xeyrinədir və qısa müddətdə 3 dəfədən çox artım var. Ancaq aydın məsələdir ki, Rusiya da bu məsələlərdə Ermənistana qarşı kəskin addımlar atacaq. Ukrayna müharibəsi davam edir və Rusiya kəskin hərəkət etməkdən çəkinir. Ancaq Ermənistanın Rusiyaya qarşı addımları dayanmayacaq. Ermənistan Rusiyanın vasitəçiliyini ümumiyyətlə, qəbul etmir".
  Analitikin fikrincə, düşünülməmiş addımlar Ermənistana fəlakət gətirər: "Hazırda Ermənistana ayrılan o qədər də böyük olmayan məbləğlər Ermənistanın itkilərini kompensasiya edə biləcəkmi? Əlbəttə yox. Ancaq Ermənistan hakimiyyəti bunu hələ anlamır və müəyyən mənada bu, bizim də xeyrimizədir. Ermənistan Rusiyanın bölgədəki nüfuzuna zərbə vurmaq və onu avantürist addımlardan çəkindirmək üçün hər cür addımı atır. Əslində bu, Azərbaycanın da maraqlarına cavab verir. Etiraf etmək lazımdır ki, Rusiya keçmiş ittifaq tərkibində olan dövlətlərin hamısı üçün ciddi təhlükədir. Rusiyanın Cənubi Qafqazdan çıxarılması Azərbaycanın da maraqlarına cavab verir. Ermənistan hökuməti böyük bir avantüraya qoşulub və artıq xeyli müddətdir ki, bu proses davam edir. Bu, Ermənistan üçün çox təhlükəli olsa da, Azərbaycanın və bölgə ölkələrinin maraqlarına cavab verir".