Ermənilərin Qarabağdan çıxma təlimatını verən elə Fransa idi  - RƏY

Bu təxribatların arxasında Ermənistanın digər havadarları dayanır

“İndi yenidən bu məsələni gündəmə daşıyaraq Azərbaycan əleyhinə istifadə etməyə, ölkəmizə təzyiq göstərməyə çalışırlar”


  Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenə həddini aşıb. Səfir iddia edib ki, Qarabağ erməniləri geri qayıtmaq hüququ da daxil olmaqla, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan hüquqlara malikdirlər. Lakin fransız diplomat azərbaycanlıların öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana, Göyçəyə qayıtmaq hüququ barədə bir kəlmə də deməyib. Bu, Dekotininin ilk belə açıqlaması deyil. Diplomat bundan əvvəl də dəfələrlə qeyri-adekvat mövqe sərgiləyib. Səfir bundan əvvəl Ermənistanın Qazaxın dörd kəndi ilə Azərbaycana güzəştə getdiyini və indi də buna uyğun olaraq, rəsmi Bakıdan güzəşt gözlənildiyini demişdi. Qərbi Azərbaycan İcması Fransa hökumətindən nifrətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edib. İcmanın bəyanatında vurğulanıb ki, bir neçə ildir ki, Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir: "Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilib. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin Fransa rəsmilərinin içərisində bəziləri var ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir. Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır. Bu şəxsin ümumiyyətlə hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur". Qeyd olunub ki, ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır: "Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir". 
  Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan da Qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib. Din xadimi, yaxud siyasətçi olduğu anlaşılmayan bu diletant ünsür soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib. Yaxşı olar ki, Ermənistan hökuməti radikal müxalifətin bu kimi irqçi təşəbbüslərinə imkan verməsin. 
  Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycana qarşı Fransanın davamlı təxribatlar törətməsinin şahidiyik. Deputatın sözlərinə görə, Parisin təxribatları artıq ənənə halını alıb: 

"Fransa rəhbərliyi başda olmaqla, parlament üzvləri, siyasətçilər, səfirlər və media mənsubları səviyyəsində Azərbaycana qarşı hədyanlar səsləndirirlər. Bu zaman bütün beynəlxalq hüquqları kobud formada tapdayırlar. Halbuki, dəfələrlə vurğulamışıq ki, Azərbaycan heç kimin torpağını işğal etməyib, əksinə, ərazilərimiz 30 il ərzində işğal altında qalıb. Biz Qarabağdan heç bir ermənini qovmamışıq, özləri könüllü, öz xoşları ilə torpaqlarımızı tərk ediblər və hansısa təzyiqə, təhdidə məruz qalmayıblar. Əslində, erməniləri təhrik edərək Qarabağdan çıxma təlimatı verənlər elə Fransa kimi ölkələr idi. Bu təxribatların arxasında Fransa və Ermənistanın digər havadarları dayanır. İndi yenidən bu məsələni gündəmə daşıyaraq Azərbaycan əleyhinə istifadə etməyə, ölkəmizə təzyiq göstərməyə çalışırlar. Ermənilərin Qarabağı zorla tərk etmədiyini əks etdirən videogörüntülər var. Digər vacib məqam ondan ibarətdir ki, "Qarabağ ermənilərini" ağızlarından düşürməyənlər Qərbi Azərbaycandan zorla qovulmuş, deportasiyaya məruz qalmış azərbaycanlıların hüquqlarından bir kəlmə demirlər. Həyasızcasına, bu məsələlərin bir-biri ilə əlaqəsinin olmadığını iddia edirlər. Ötən əsrin əvvəllərindən başlayaraq, bir neçə dəfə azərbaycanlılar Ermənistandan qovulublar. Sonuncu dəfə 1988-ci ildə 250 min azərbaycanlı vəhşicəsinə, barbarcasına tarixi yurdlarından didərgin salınıb".
  Parlament üzvü vurğulayıb ki, Azərbaycan haqlı olaraq tələb edir ki, insanlarımızın öz dədə-baba torpaqlarına qaytıması üçün şərait yaradılsın: "Əgər Fransa rəhbəri, onun diplomatı bu qədər ədalətlidirsə, azərbaycanlıların qayıdış hüququndan da danışsınlar və bunun üçün zəruri çağırışları etsinlər. Sadəcə Azərbaycanı günahlandırmaq, açıq-aşkar qərəzli bəyanat səsləndirmək siyasətinə son qoyulmalıdır. Təbii ki, baş verənlərə rəğmən, Azərbaycan öz haqlı siyasətini qətiyyətlə davam etdirəcək. Doğru tərəf olduğumuzu yaxşı bilirik. Heç bir təzyiq, təhdid bizi yolumuzdan döndərə bilməz".