Sosial şəbəkələr sanki seçki debatlarını xatırladır

Namizədlər ciddi medianı yox, tiktoku seçdilər

"Pul verməyin dərdindən elə edirlər. Peşəkar təbliğat, imicmeyker işi hara, sosial şəbəkələrdə həvəskar şəkil, video paylaşmaq hara?”

  Avqustun 9-dan etibarən Milli Məclisə keçiriləcək seçkilərdə deputat mandatı qazanmaq istəyən namizədlərin təbliğat-təşviqat kampaniyası davam etməkdədir. Deputatlığa iddialı şəxslər ayın 31-dək təbliğat prosesini davam etdirəcək, belə demək mümkünsə, öz məharətlərini göstərəcəklər. Məlum olduğu kimi, qanunvericiliyə uyğun olaraq hər namizəd üçün media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılıb. Ödənişsiz efir və materialın dərci üçün - İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan”, "Xalq”, "Respublika” və "Bakinski raboçi” qəzetləri prosesə cəlb olunub. Bununla yanaşı, digər televiziya və radiolar, o cümlədən dövri mediada seçkiqabağı təşviqat üçün pullu xidmətlər təklif olunub. Təbii ki, namizədlər üçün seçki kampaniyasını təşkil etməyin optimal yollarından biri də sosial şəbəkələr - fesybuk, tiktok, yutub kimi geniş kütləyə çıxışı olan platformalardır. Məhz ona görə seçki dönəmlərində sosial şəbəkələr daha çox aktivləşir. Hətta əvvəllər sosial şəbəkələrdə olmayan, ondan yararlanmayan deputatlarımız belə kampaniya dövründə sosial şəbəkələrdə boy göstərirlər. Şəxsi profillər, səhifələr yaradaraq özləri barədə məlumatları paylaşır, təbliğat-təşviqat çərçivəsində keçirdikləri görüşləri əks etdirən foto və videogörüntülər paylaşırlar. Bununla seçicilərin diqqətini çəkməyə çalışırlar. Ümumiyyətlə, təbliğat kampaniyası bir neçə istiqamətdə aparılır. Bura seçki plakatlarının yapışdırılması, namizədlərin bülletenlərinin evlərə paylanılması və seçicilərlə birbaşa görüşlər, ən mühüm isə media ilə sıx əməkdaşlıq daxildir. Əlbəttə, çağdaş dönəmdə sosial şəbəkələrin də imkanlarından yararlanmaq vacibdir. Lakin peşəkar təbliğat üçün peşəkar media ilə əməkdaşlıq olduqca vacibdir. Bəziləri qeyd edirlər ki, media ilə əməkdaşlıq namizədin maddi imkanlarından asılı olan məsələdir. Çünki mətbuat namizədlərlə birbaşa müqavilə əsasında işləyir və bunun üçün də namizədin ayrıca maliyyə fondu yaradılmalıdır. Sözügedən məsələyə "Azxəbər.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli feysbuk səhifəsində münasibət bildirib. Vurğulayıb ki, qarşıdan gələn 1 sentyabr - Növbədənkənar Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasının ilk günlərində diqqətçəkən məqamlardan biri namizədlərin təbliğat üçün media subyektlərini yox, sosial şəbəkələri seçmələridir: "Media subyektlərinə müraciətlər də saytlar üçün deyil, saytların sosial şəbəkə səhifələri üçün olur. Xüsusən, tiktok sosial şəbəkəsi sanki seçki debatlarını xatırladır. Bu da anlaşılandır, çünki Azərbaycanda ən populyar və xalqın ən çox istifadə etdiyi sosial şəbəkə tiktokdur. Burada əsas amil medianın sosial şəbəkələrə uduzmasıdır. Əgər adi seçici deyil, artıq deputatlığa namizədlər də medianı yox, sosial şəbəkələri seçirsə, media subyektlərimiz ciddi-ciddi düşünməlidir, çünki itirilən oxucunu geri qaytarmaq bəzən mümkünsüz olur. Ciddi medianın inamı itirdiyi cəmiyyətlərdə də sosial şəbəkələr qarşısıalınmaz proseslərin lokomotivi rolunu oynayır".
  Tanınmış jurnalist Şöhrət Əliyev isə bunları yazıb: "Pul verməyin dərdindən elə edirlər. Peşəkar təbliğat, imicmeyker işi hara, sosial şəbəkələrdə həvəskar şəkil, video paylaşmaq hara? Təbliğatı ciddi, əhəmiyyətli hesab etmirlər, ona görə sosial şəbəkələrdə vaxt keçirib, "mən də görsəndim" görüntüsü yaradırlar".
  AĞ Partiyanın rəsmisi Kamran Məmmədli məsələyə dair fikirlərini bu cür şərh edib: 

"Bu artıq reallıqdır. Saytlar bir banner üçün fantastik qiymətlər qoyurlar. Halbuki o məbləğin 10 faizi ilə keyfiyyətli video hazırlayıb tiktok, yutub kimi platformalarda yaymaqla, həmin saytlardan 10 qat, bəzən 100 qat artıq baxış əldə etmək mümkündür".
  Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə "Sherg.az"a deyib ki, həmkarı Hacıbəy Heydərlinin müşahidəsi dəqiqdir. Onun sözlərinə görə, öncəki parlament seçkilərindən fərqli olaraq, bu dəfə deputatlığa namizədlər mediadan, KİV-lərdən uzaq qalmağa çalışırlar:

 "Onların peşəkar təbliğat vasitələrinə pul xərcləmək istəməməsi aşkar sezilir. Bu boşluğu sosial şəbəkə hesabına doldurmağa çalışırlar. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək. Amma zamanı qabaqlayaraq deyə bilərəm ki, müsbət nəticəyə ümid etməyə dəyməz. Namizədlərin peşəkar medianın xidmətlərindən istifadə etməyə həvəssiz yanaşmasının bir neçə səbəbi var. Əsas səbəb maddi durumla bağlıdır. Əgər inkişaf etmiş ölkələrdə varlı, imkanlı adamlar deputat olmaq istəyirlərsə, Azərbaycanda bunun əksini müşahidə edirik. Ölkəmizdə çox adam deputatlığa iş yeri kimi baxır. Rəsmi məlumatlara görə, müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən namizədliyi qeydə alınmış şəxslərdən təxminən 200 nəfəri işsizdir. O cümlədən, 100-ə yaxın pensiyaçı deputat olmaq istəyir. İşsiz, yaxud pensiya ilə dolanan adamların peşəkar KİV-lərin pullu xidmətindən istifadə etməsi real deyil. Bu mənada primitiv təbliğat üsullarına üstünlük verən namizədləri qınamaq olmur. Ümid edirəm, yaxın gələcəkdə seçkilərin media üçün qazanclı kampaniya olduğu dövrə də gəlib çatacağıq".