Ankara sadəcə Yaxın Şərqdə deyil, həmçinin Afrikada da söz sahibidir
Xəbər verdiyimiz kimi, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq, ölkələr arasındakı münaqişə ilə bağlı Ankaradan dəstək istəyib. Ərdoğan böhranın həll edilməsi ilə bağlı göstəriş verib və iki ölkənin nümayəndələri Ankarada görüşüblər. Türkiyə Somalidən də eyni tələbi alıb. Xarici işlər naziri Hakan Fidan Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqini və Efiopiya təmsilçisini qəbul edib. Görüş nəticəsində tərəflər birgə bəyanatla aralarındakı problemi sülh yolu ilə həll etmək niyyətlərini bildiriblər. Qeyd olunub ki, Türkiyə qonşu ölkələr Efiopiya və Somali arasında hərbi əməliyyatları dayandırmaq üçün məsuliyyət daşıyır. Xatırladaq ki, Efiopiyanın Qırmızı dəniz sahillərinə çıxış əldə etmək üçün Somalidən birtərəfli müstəqillik elan edən Somalilend ilə etdiyi razılaşma, Afrikada son illərdə artan regional gərginliyi yenidən artırıb.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Efiopiya ilə Somali arasında qarşıdurma və gərginlik 10 ildən çoxdur davam edir. Ekspertin sözlərinə görə, sadəcə iki ölkə arasında dənizə çıxış məsələsinə görə münasibətlər daha da kəskinləşib:
"Efiopiya bütün imkanlarından istifadə edərək dənizə çıxış əldə etməyə çalışır. Somali tərəfi isə buna imkan vermir və mane olur. İki Afrika ölkəsinin dəstək üçün Türkiyəyə müraciət etməsi səbəbsiz deyil. Bu dövlətlərin, xüsusən Somalinin Türkiyə ilə strateji əməkdaşlıq müqaviləsi var. Yəni Somalinin ərazisinin qorunması məhz Türkiyənin öhdəliyi çərçivəsindədir. Efiopiya gözəl başa düşür ki, Somaliyə hücum cəhdi, zorla dənizə çıxış eldə etmək istəməsi Türkiyə ilə qarşıdurmaya səbəb ola bilər. Çünki dənizdə Türkiyənin donanması da var. Məncə, burada Türkiyənin tutacağı mövqe daha çox beynəlxalq hüquqlara uyğun olacaq. Əgər beynəlxalq hüquqa görə Efiopiyaya dənizə çıxış imkanı verilə bilərsə, bunu həll etmək mümkünsə, Somaliyə rəğmən, buna şərait yaradıla bilər. İstənilən halda Afrika ölkələrinin Türkiyəyə müraciəti, XİN rəhbəri Hakan Fidanın bölgəyə səfəri və görüşləri Türkiyənin qitədə gücünün, nüfuzunun göstəricisidir. Türkiyə sadəcə Yaxın Şərqdə deyil, həmçinin Afrikada da söz sahibidir. Bu artıq Türkiyənin Afrikada qalıcı gücünün formalaşmasını göstərir".