Rusiya-Ukrayna müharibəsini Cənubi Qafqaza transfer etmək niyyətləri görünür
“Sülh danışıqlarından yayınma, Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyulan mövqe, Fransa və ABŞ nümayəndələrinin tez-tez Ermənistanda görünməsi bunu deməyə əsas verir”
“Sülh danışıqlarından yayınma, Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyulan mövqe, Fransa və ABŞ nümayəndələrinin tez-tez Ermənistanda görünməsi bunu deməyə əsas verir”
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması bölgədə yeni siyasi mənzərə formalaşdırıb. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh müqaviləsinin imzalanması, regionda tərəqqinin olması üçün bütün vacib real addımları atır. 2020-ci il üçtərəfli bəyanatın qəbul olunması, dəfələrlə bütün platformalarda Azərbaycan və Ermənistan arasında danışıqların getməsinə baxmayaraq, təəssüf ki, məğlub ölkə hələ də bu və ya digər yollarla sülh müqaviləsi bağlanmasını uzadır. Səbəblər isə müxtəlifdir.
Mövzunu “Sherg.az"a şərh edən araşdırmaçı-jurnalist Səxavət Məmmədin sözlərinə görə, ermənilər revanş istəyir, Qarabağdan əl çəkməyiblər. Onun fikrincə, Ermənistan öz gücü ilə müharibədən əvvəlki səviyyəyə gəlib çıxması üçün həm uzun illər lazım idi, həm də böyük pullar. Görünən odur ki, Ermənistan pulu tapıb və müddəti də qısaldıb:
“Silah anlaşmalarına diqqət etdikdə açıq şəkildə görürük ki, Ermənistana Qərbdən hər dəfə pul ayrılanda dərhal sonra yeni silah alır. Ona görə də, silahlandırılır desək, daha məntiqli olar. Dəfələrlə yazılarımda qeyd etmişəm ki, hazırda Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaza transfer edilir.
Silahlanma, siyasi baxımdan Rusiyadan qopma, KTMT-də fəaliyyətin dondurulması, təlimlərdə iştirak etməmə, Azərbaycanla sülh danışıqlarından yayınma, Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqe, ordusunda Fransa və ABŞ nümayəndələrinin olması və digər məsələlər”.
Zəngəzur dəhlizinin açılacağını xüsus qeyd edən S.Məmmədin sözlərinə görə, bu, danışıqlar yolu ilə baş tutmayacaq: “Yolda Rusiyanın nəzarəti məsələsi ilə Qərb razı olmur, olmayacaq. Bu, yeni məsələ deyil. Bəyanatdan dərhal sonra Fransa buna etiraz etmişdi. Zəngəzur dəhlizinin danışıqlar yolu ilə açılması mümkündür?
Rusiyanın əlində 10 noyabr bəyanatı var. Rusiya hələ ki o sənədi əsas gətirərək, hərəkət edir və tələsir. Niyə tələsir? Çünki bəyanatın digər bəndləri nəinki icra olunub, bəyanatın Ermənistan və Azərbaycana təsir rıçaqı olan sülhməramlılar hissəsi də ermənilərin Qarabağdan getməsi ilə sıradan çıxıb. Yəni bəyanatın son bəndi havadan asılıdır. Rusiya düşünə bilər ki, ən azı 2025-ci ilin ortasına qədər gücündən istifadə edərək bəyanatı keçərli sənəd kimi saydırsın. Bəs sonra? Ona görə də, Rusiya tələsir. Ümumiyyətlə, indiki məqamda Qərblə Rusiyanın uzlaşması mümkün görünür? Düşünmürəm ki, Ukraynada savaşa-savaşa gəlib Cənubi Qafqazda tərəflər əl sıxsın. Danışıqlar yolu görünmürsə, qalır hərb yolu.
Hərb yolu realdır, hətta uzaq olmayan zamanda baş verə bilər. Ermənistanın silahlanması, bunkerlərin tikilməsi, hətta bunun nümayiş etdirilməsi, müdafiə xətlərinin qurulması onu deməyə əsas verir ki, erməni tərəfi və Qərb olacaqların fərqindədir. Rusiya kimi onların da tələsdiyini açıq şəkildə görə bilərik. İstiqamətlər də bəllidir. Əgər toqquşma baş tutsa, İranla Ermənistanın əlaqəsi kəsiləcək. O zaman İran necə davranacaq? Ümumiyyətlə, İran buna sakit yanaşacaq? Bax bu yerdə diplomatiya işə düşməlidir. Türkiyə, yəhudi lobbisi Azərbaycanı yenə də dəstəkləyəcəklər. Necə ki, müharibə zamanı yəhudi lobbisi erməni lobbisini sıfırlamışdı və bu prosesi davam etdirirlər. Azərbaycan tərəfi İranla uzlaşma əldə etməlidir. İranla uzlaşmadan addım atmaq böyük problemlər yarada bilər. Necə ki anti-terror əməliyyatlarından əvvəl yazırdım, Azərbaycan Rusiya uzlaşma əldə etmədən nəticə əldə edə bilməyəcək. İndi də eyni vəziyyət İranla bağlıdır. Toqquşma olacağı təqdirdə, təbii ki, Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edilə bilər. Sanksiyalar zamanı ən önəmli məsələ sanksiyaları yarmaqdır. BRİKS təşkilatı sanksiyaların yarılması üçün önəmli ola bilər. Bəlkə də, BRİKS-ə müraciət bununla bağlıdır”.