Elələri də var ki, nə vaxtsa kiminsə siyahısıyla deputat seçdirilib və hələ də yaxamızdan əl çəkmirlər
“Nəticə eynidir. İnsan istər mürgüləsin, istərsə də yuxulasın, hər iki halda ətrafda baş verənləri görmür, danışılanları eşitmir, anlamır. Bunu istənilən psixoloq izah edə bilər”
Milli Məclisin ilk iclasında bəzi deputatların mürgüləməsi tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrdə fotoları yayılanlardan bəzisi özünə haqq qazandırmağa çalışaraq, yorğun, xəstə olduğunu, mürgüləməyib “sadəcə, fikrə getdiyini” söyləməklə qınaqlardan xilas olmağa çalışıb. Bəzilərinin hələ də səsləri çıxmır. Deputatların parlamentin iclaslarında mürgüləməsi ilk hadisə deyil, ona görə də təəccüblənməyə dəyməz. Bundan əvvəl də Milli Məclisdən deputatların mürgüləməsi, əsnəməsi, bəzən hətta yuxulamasını əks etdirən fotolar ictimaiyyətə sızırdı. Və təkcə bu da deyil. Elə deputatlar var, cəmiyyət onları ümumiyyətlə tanımır, adı, soyadı səslənəndə “bu adda deputat da var?” deyə təəccüb edilir. Məqsədimiz parlamenti tənqid etmək deyil. Təbii ki, parlamentdə çalışqan, fəal, zəhmətkeş, qanun layihələrinin hazırlanmasında daim iştirak edən, seçicilərin problemləri ilə maraqlanan, seçicilərlə tez-tez görüşən, onları dinləyən və problemləri parlamentdə səsləndirən millət vəkillərimiz çoxdur. Amma mürgüləyənlər də olur.
Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Fazil Mustafa həmin deputatların sırasında görüntülənməsinə belə münasibət bildirib:
“Bu, təbii haldır. İnsanlar gözünü yumub, aça da bilər. Bu, yorğunluq əlaməti də ola bilər. Konkret olaraq həmin gün ərzində cəmi 2 saat yatmışam. Bütün günün axşamı vacib yazı hazırlamalı idim. Bununla məşğul olmuşam. Görünür, müəyyən yorğunluq əlamətləridir. Amma yayılan kadr həm də Azərbaycan jurnalistikasında savadsızlığın nə qədər tüğyan etdiyini göstərir. Yəni Azərbaycan dilini doğru ifadə edə bilməmənin bir görüntüsüdür. Bunu yayan, mətni hazırlayan jurnalistlər savadsız və peşəkarlıqdan uzaq insanlardır. Niyə bunu deyirəm? Çünki yuxulamaqla mürgüləmək Azərbaycan dilində tamamilə fərqli şeylərdir. Kimsə görüntüləri “yuxulamaq” kimi qiymətləndirirsə, bu, artıq tipik dili bilməmək, dildə olan sözlərin məna fərqini ayıra bilməməkdir. Diqqəti buna çəkmək, məncə, daha çox vacibdir. Təbii ki, bizim hazırlıqlı, kifayət qədər peşəkar jurnalistlərimiz də var. Onlar bu savadsız jurnalistləri, ən azından, qınayacaqlar ki, savadlı, konkret xəbərin, hadisənin mətnini doğru tərtib etməyi öyrənsinlər”.
Məsələ ilə bağlı “Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət deputatların, həm də parlamentin ilk iclasında mürgüləməsinin qəbuledilməz olduğunu bildirdi:
- Fərq eləmir, mürgüləmək, yaxud yatmaq. Nəticə eynidir. İnsan istər mürgüləsin, istərsə də yuxulasın, hər ikin halda ətrafda baş verənləri görmür, danışılanları eşitmir, anlamır. Bunu istənilən psixoloq izah edə bilər. Mürgü halında insan ətrafda baş verənləri, danışılanları, deyilənləri eşidib anlamaq iqtidarında olmur. Demək ki, həmin deputatlar, deputatlardan bəziləri Milli Məclisin ilk toplantısında, çox mötəbər bir toplantıda səsləndirilən fikirləri, parlamentarilərə və ümumən ictimaiyyətə, xalqa çatdırılan zəruri məsələləri eşitməyiblər. Bunların ağlına gəlməyib ki, sabah xüsusi bir gündür və buna ciddi hazırlaşmaq lazımdır?!. İnkar etmirəm, deputatlar arasında elələri var, həqiqətən də vicdanla çalışırlar, ictimai-siyasi xadim kimi özlərini təsdiq edirlər. Fazil bəy də onlardan biridir. Amma elələri də var ki, nə vaxtsa kiminsə siyahısıyla deputat seçdirilib və hələ də yaxamızdan əl çəkmirlər. Bunlar təsadüfi adamların təsadüfi seçdirdiyi deputatlardır. Onların parlament anlayışı yoxdur. “Day-dayları” olmasaydı, onları nəinki Milli Məclisə, heç qapıçı da qoymazlar. Amma belələri parlamentdə xalqı təmsil edir və millətin adından qanunlar tərtib edirlər. Ən vacib məsələləri dinləmək lazım gələndə isə mürgüləyirlər. Demək, “arxayındırlar”, “rahatdırlar”, necə olsa, artıq təsdiqləniblər. Bu tərkib bu cür davam edə bilməz. Atalar gedir, oğullar, qızlar gəlir, biri qohumunu gətirir, yerlibazlıq, qohumbazlıq əsasında gəlib parlamentdə əyləşirlər. Təbii ki, mürgüləyəcəklər.