Gürcüstan azərbaycanlıları əzizlərinin dəfninə gedə bilmirlər - Fazil Mustafa

Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir

Quru yolların bağlı qalması ən çox Gürcüstan azərbaycanlılarını çətin vəziyyətdə qoyub. Dədə-baba torpaqlarında məskunlaşmış soydaşlarımız, eləcə də doğmaları, qohum-əqrəbası orada  yaşayanlar 4 ildir ki bir-birinə həsrət qalıb. Quru yollar bağlı, təyyarə bileti isə baha olduğundan çox az adam təyyarə reysi ilə Gürcüsnata getmək imkanına malikdir.

 Hər iki tərəfdən insanlar nəinki doğmalarını yoluxmağa, hətta ən yaxın ailə üzvünün, valideyninin dəfninə də gedə bilmir. Toyu Bakı qonaqları olmadan keçirmək olar, amma kiminsə valdieyni, ailə üzvü rəhmətə gedirsə, dəfində iştirak etməmək ayrı dərddir. Tanınmış şəxslər bu cür qəfil hadisələrlə üzləşəndə Baş nazirədək çıxırlar. Və Baş nazirin rəsmi icazəsi ilə sərhəddin o tayına keçə bilirlər. Sadə vətəndaşlarınsa yuxarı instansiyalara çıxışı olmadığından, yəqin Allah yalvarırlar ki, valideynləri, doğmaları vəfat etməsin, ömürləri uzunsın, taki sərhədlər açılanadək. Quru sərhədlərin hələ də bağlı saxlanmasının dövlət təhlükəsizliyi baxımından vacib, gərəkli olduğu zatən aydındır. Kimsə buna etiraz etmir. Lakin hazırkı müasir texnologiyalar zamanında, düçünürük ki, bu problemi hansısa formada həll etmək də mümkündür. Məsələn, işğaldan azad edilmiş ərazilərə bu gün də portalda qeydiyyata düşməklə səfər edilir. Oxşar metodu Gürcüstana səfərlə bağlı icra etmək niyə çətin olmalıdır? Zatən  vətəndaşların şəxsiyyət vəsiqələrini elektron qaydada təqdim etmək imkanları var artıq. Elektron sistem, kimliklərin müasir qaydada yoxlanması, müasir texnologuya ilə təchiz edilmiş gömrük-keçid məntəqələri olduğu halda insanların şəxsiyyətini müəyyənləşdirmək də asandır, kimin hara nə məqsədlə getdiyini də. Belə görünür ki sadəcə, bu məsələylə özünü yormağa, əlavə iş gprməyə həvəs göstərənlər yoxdur. Əziyyət çəkən, ata-anasına, bacı-qardaşına, dədə-baba ocağına həsrət qalan, nə yasda, nə toyda iştirak edə bilməyən   Gürcüstan azərbaycanlılarıdır.  
Gürcüstan azərbaycanlıları üçün quru sərhədlərin açılması təklifləri zaman-zaman səslənir, lakin hələ də problem həll edilmir.

“Sherg.az”a açıqlamasında millət vəkili  Fazil Mustafa qeyd etdi ki, Gürcüstanla bağlı əlbəttə güzəştli şərtlər tətbiq edilməlidir: 

- Çünki quru sərhədlərin bağlanmasından ən çox əziyyət çəkən Gürcüstanda yaşayan soydaşlarımız, onların ailələridir. Nə ölüsünə gedə bilirlər, nə dirisini ziyarət edə bilirlər. Çox ağır durumdur. Onlar üçün heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir. Bu ən azından oradakı soydaşlarımızla əlaqələrin intensivliyinin qorunmasına, əlaqələrin zəifləməməsinə  xidmət edər. Eyni zamanda xəstələr, yaşlılar, və tələbələr üçün əngəllər, maneələr   ortadan qalxmalıdır.

F.Mustafa qeyd etdi ki, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı vətəndaşlarımızla qohumluq bağları, sosial əlaqələri nəzərə alınmalı və vətənddaşları narahat etməyəcək şəkildə gediş-gəliş təmin edilməlidir: 

- Quru yolların bağlı qalması təhlükəsizlik amili ilə bağlıdır və vacibdir. Amma qohumluq əlaqələri nəzərə alınaraq müəyyən istisnalar, güzəştlər tətbiq etmək olar. Pandemiyadan artıq 4 il keçir, insanların bu illər ərzində yaranmış problemlərinin həllində faydalı nəticələr əldə etmələri, işlərinin yüngülləşməsi, sosial vəziyyətləri nəzərə alınmalıdır. İstisnalar lazımdır. Olmalıdır. Bu istiqamətdə kommunikasiyanın itirilməsinə yol vermək olmaz.