Deputat obrazını dəyişdirməyin zamanıdır

Hər bir məmur xalqın xidmətçisi olmalı, xalqa, dövlətə xidmət etməlidir

“Millət vəkillərinin telefon zənglərinə bəzən cavab verməyən, işə yaramayan məmurların konkret adı çəkilməli, ünvan göstərərək tənqid edilməlidir”

  X çağırış Milli Məclis deputatları fəallıqları ilə seçilməyə başlayıblar. Son günlər millət vəkillərinin seçicilərlə görüşləri, seçiciləri fərdi şəkildə qəbul etmələrini əks etdirən görüntülər, məlumatlar yayılır. Onların arasında elələri var ki, əvvəlki çağırışlarda da deputat seçilib və fəal millət vəkili olaraq tanınıblar. Məsələn, Fazil Mustafa, Vüqar Bayramov əvvəlki deputatlıq fəaliyyəti dövründə də seçicilərlə tez-tez görüşürdülər. Yeni seçilənlər arasında da aktiv fəaliyyətə başlayanlar az deyil. Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlı, həmçinin Gülşən Paşayeva və daha bir neçə millət vəkilinin seçicilərlə görüşdüyü, seçiciləri qəbul etdiyi barədə məlumatlar verilir. Deputatların seçicilərlə görüşü vətəndaşların problemlərinin həllinə kömək edirmi? Nəzərə alsaq ki, deputatlar məmurların etinasız münasibətindən, bəzi məmurların, bəzən telefon zənglərinə belə cavab vermədiyindən şikayətlənən millət vəkilləri olub, görüşlər zamanı seçicilərin qaldırdıqları problemlərin qısa zamanda həll ediləcəyi o qədər də inandırıcı görünmür. Amma təbii ki, bu, millət vəkilinin şəxsiyyətindən, işə nə dərəcədə həssas və ciddi yanaşmasından, görüşün sadəcə görüş, say xətrinə deyil, həqiqətən vətəndaşların problemlərini dinləyib həllinə nə dərəcədə çalışmasından da asılıdır.
  D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az"a açıqlamasında ölkəmizdə deputat simasının, deputat obrazının müsbətə doğru dəyişilməsi zamanının gəlib çatdığını bildirdi:
- Deputatların seçiciləri ilə görüşməsi, onları dinləmələri çox gözəl addımdır. Belə görüşlər, seçicilərin fərdi şəkildə qəbulu mütəmadi olmalıdır. Millət vəkilləri vətəndaşları narahat edən məsələləri parlamentdə qaldırsalar və məsələn, 10 məsələdən 5-i həll edilsə, bu, seçiciləri də, bizim hamımızı da sevindirər və parlamentə, millət vəkillərinə seçicilərin inamı artar. Bu, belədə də olmalıdır. Vacib məsələlər arasında bəzi qanunlarda dəyişiklik etmək, məsələn, zorakılıqla bağlı, ictimaiyyət üçün əhəmiyyətli məsələ olan vergilərlə baglı, sosial müdafiə, təhsil, səhiyyə, insan haqları, qeyri-hökumət təşkilatları sektoru… bunlar hamısı vacib məsələlərdir. Bir nəfər üçün yox, cəmiyyət üçün vacibdir. Millət vəkilləri aktiv fəaliyyət göstərib, qanunvericiliyə dəyişikliklər məsələsində vacib qərarların qəbuluna nail olsalar, biz də onlardan razı qalarıq, həmişə onların yanında olarıq.
  Məmurların deputatların müraciətlərinə, telefon zənglərinə bəzən cavab verməməsinə gəlincə, N.Cəfəroğlu qeyd etdi ki, deputatlar bu cür davranan məmurları çəkinmədən ifşa etməli, konkret ad, ünvan göstərərək tənqid etməlidirlər:
- Cənab Prezident deyir ki, xalqın xidmətçisidir. Hər bir məmur da xalqın xidmətçisi olmalı, xalqa, dövlətə xidmət etməlidir. Millət vəkilinə seçiciləri etimad göstərərək səs veriblər, onları parlamentə seçiblərsə, parlamentdə xalqın problemləri, vətəndaşları narahat edən məsələlər müzakirə edilməli və həllini tapmalıdır. Hansısa məmur, nazirlik, komitə rəsmisi millət vəklinin müraciətinə cavab vermirsə, problemin həllindən qaçırsa, onun haqqında ətraflı məlumat verilməlidir, seçici də bilsin ki, məsələ niyə həll olunmur. Deputatlar konkret hansı məmura, hansı nazirliyə, idarəyə, təşkilata müraciət etdiklərini və hansı cavab aldıqlarını parlamentdə səsləndirməlidirlər. Bununla bəlkə, məmurlar ayılar və vəziflərini dərk edər, dövlətin möhkəmlənməsi, təhlükəsizliyi, vətəndaşların razı qalmaları üçün problemləri həll edərlər.