Baş danışıqçı tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb

"Biz COP29-da iştirak edəcək bütün tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıq".
APA-nın məlumatına görə, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "Pre-COP29: Ümümdünya İqlim Şəffaflığına Qlobal Dəstəyin Gücləndirilməsi" adlı panel müzakirədə bildirib.

O deyib ki, Bakıda keçiriləcək COP29-un iştirakçısı olan tərəflər inkişaf etməkdə olan ölkələrə dəstək göstərilməsi istiqamətində tədbirlər həyata keçirməlidir:

"Onu da qeyd etmək istəyirəm ki, oktyabrın 29-da etibarən nazirlər səviyyəsində Qlobal İqlim Şəffaflığı üzrə görüş keçriləcək. Eyni zamanda, bu müzakirələr Qlobal İqlim Şəffaflığına dair yekun strategiyanın hazırlanmasına kömək edəcək".

Baş danışıqçı həmçinin tərəfdaşlarla birgə həyata keçirilən səylərə qlobal səviyyədə dəstək verilməsində maraqlı olduqlarını bəyan edib:

"Bu, iqlim şəffaflığına nail olunması istiqamətində hər birimiz üçün olduqca önəmli bir dövrdür. Ona görə də bütün tərəfləri iqlim şəffaflığı sahəsində daha effektiv nəticələrə nail olunması üçün əməkdaşlığa dəvət edirik. Bu səbəbdən də hesab edirəm ki, bütün maraqlı subyektlər malik olduqları resursları real nəticələrə nail olmaq üçün effektiv şəkildə istifadə etməlidir".