İctimai və dövlət maraqlarının müdafiəsi
Mikromobilliyin təmini istiqamətində işlər görülür
Hazırda vətəndaşları ən çox məmnun edən ictimai nəqliyyat sahəsində tətbiq edilən yeniliklər, müsbət dəyişikliklərdir. Uzun illərdir tıxaclardan əziyyət çəkən, səhər işə gecikən, axşam evinə gec çatan, üstəlik də naharat, basabas avtobuslarda, yollardakı sıxlıq səbəbindən narazı qalan vətəndaşlar son zamanlar ictimai nəqliyyatdan, demək olar, razılıq edir. Müəyyən istisnalar hər zaman var. Bütün problemlər həllini tapmayıb. Lakin böyük ölçüdə müsbət dəyişikliklər göz önündədir. Bir neçə il əvvəl kimsə yaxın zamanlarda Bakının piyadayönümlü şəhər olacağına, avtomobilsizləşməyə başlanacağına inanmazdı. Bu, mümkünsüz görünürdü. Amma aparılan məqsədyönlü işlər, həyata keçirilən layihələr göstərdi ki, heç nə mümkünsüz deyil. Paytaxtda alternativ nəqliyyat – hərəkət vasitələri xeyli artıb. Avtobus zolaqları ictimai nəqliyyatdan istifadə edənlərin sayının artmasına səbəb olub. Paytaxt yollarında çəkilən velozolaqlar velosiped, skuter həvəskarlarının təhlükəsiz hərəkətini təmin edir. Avtobus dayanacaqlarının xüsusi zolaqlarla ayrılması da sərnişinləri məmnun edir. Yaxın zamanda paytaxtın mərkəzi küçələrinin daha böyük ölçüdə avtomobilsizləşməsi həyata keçiriləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA-nın sədri Anar Rzayev bildirib. “Azərbaycanda sərnişin mobilliyinin transformasiyası” mövzusunda keçirilən tədbirdə çıxış edən A.Rzayev bir çox məsələlərə toxunub. Sədr qeyd edib ki, ötən il Bakıda avtobus, metro, taksi və piyada gedişlərlə ümumilikdə 2 milyarda yaxın səfər olub. “Bunun 52 faizi taksi və fərdi nəqliyyat vasitələri, 28 faizi isə ictimai nəqliyyatla həyata keçirilib. Bu göstəriciləri taksi və fərdi nəqliyyat vasitələri üzrə 16 faizə endirmək, ictimai nəqliyyat üzrə isə 41faizə qaldırmaq planımız var. Əsas məqsədimiz Bakının mərkəzinə fərdi nəqliyyat vasitələri ilə girişin azaldılmasıdır”, – deyə A.Rzayev əlavə edib. A.Rzayev qeyd edib ki, son dövrlərdə əhali arasında velosipeddən və skuterlərdən istifadə edənlərin sayı artıb: “Bizim atdığımız bütün addımlar şəhər mərkəzində fərdi nəqliyyatın azaldılması və ictimai nəqliyyata üstünlüyün verilməsi istiqamətində yönəldilib. Müşahidələr göstərir ki, son dövrlərdə əhali arasında velosipeddən və skuterlərdən istifadə edənlərin sayı artıb. Bu nəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlıqların azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından çox əhəmiyyətlidir". AYNA tərəfindən icrası planlaşdırılan digər layihə sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsidir. Layihə ilə bağlı A.Rzayev bildirib ki, AYNA-nın mütəxəssisləri tərəfindən Zərifə Əliyeva küçəsində vəziyyət ətraflı araşdırılıb, uzun müddət hərəkətin intensivliyi monitorinq edilib. Toplanan datalar əsasında avtobus zolağının ictimai nəqliyyata əlçatanlığı böyük ölçüdə artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Hazırda Zərifə Əliyeva küçəsində nəqliyyat vasitələri üçün 4 hərəkət zolağı mövcuddur. Təklif olunan dəyişikliklərə əsasən hərəkət zolaqları xüsusi avadanlıq vasitəsilə silinərək yenidən təşkil ediləcək. Zolaqların sayı saxlanılmaqla eni standartlara uyğunlaşdırılacaq. Əlavə olaraq avtobus zolağı təşkil edilməsi də nəzərdə tutulur. İctimai dinləmədə ekspertlərin və media nümayəndələrinin sözügen layihə və AYNA-nın gördüyü işlərlə bağlı sualları cavablandırılıb, onların rəy və təklifləri qeydə alınıb. Səsləndirilmiş rəy və təklifləri dinləyən Anar Rzayev bildirib ki, Azərbaycanın gələcək mobilliyi sürətli, təhlükəsiz və ekoloji təmiz məqsədlər üzərində qurulub: “Bizim atdığımız bütün addımlar şəhər mərkəzində fərdi nəqliyyatın azaldılması və ictimai nəqliyyata üstünlüyün verilməsi istiqamətinə yönəldilib. AYNA tərəfindən Bakının bir sıra küçə və prospektində mobillik imkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidən təşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir, burada Qərb ölkələrinin təcrübəsindən də istifadə olunur. Hazırda yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq olunur. Artıq AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Mikromobilliklə bağlı işlər davam etdiriləcək və mütəmadi olaraq bu barədə məlumatlar ictimaiyyətə açıqlanacaq. Həmçinin AYNA üçün piyadaların rahat və təhlükəsiz hərəkəti də prioritet hesab olunur. Bir müddət əvvəl Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda "28 May" metrostansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır. Məqsəd Bakı şəhərində mobilliyin inkişafı, tıxacların azaldılması, küçələrimizi daha təhlükəsiz, əlçatan və həyat dolu etməklə vətəndaş məmnunluğunun artırılmasıdır”. Taksi duracaqları ilə bağlı jurnalistlərin suallarını cavablandıran Anar Rzayev bilirib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”. AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir: “Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb”. Bakıda 29 küçə və prospektdə 85 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib artıq. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd edib ki, nəqliyyat sahəsində gözlənilən dəyişikliklər mərhələli şəkildə həyata keçirilir. Bunun üçün də müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Nəqliyyat sahəsində aparılan təkmilləşdirmə tədbirləri çoxşaxəlidir. Şəhərdə eynilik təşkil edən marşrut xətlərinin sayının azaldılması hədəflənir. Bu məsələ illərdir ki, müzakirə olunurdu, artıq reallaşdırılmaq üzrədir. Zaman keçdikcə nəticələri daha aydın şəkildə görəcəyik:
- Tədbirlərdən digəri paytaxtın “rəqəmsal əkizi”nin yaradılmasıdır. Bu layihə ötən ildən müzakirə olunur. Bu, Bakı şəhərində mövcud nəqliyyat problemi ilə bağlı əsas məsələlərdən biridir. Bir müddət əvvəl layihənin təqdimatı keçirilib, hesab edirəm ki, bu, müsbət addımdır. Əsas problem, əlbəttə ki, tıxaclardır. Həyata keçirilən layihələr həm də tıxacların qarşısının alınması məqsədi daşıyır. İlk həll yolu budur ki, avtobuslar tıxacda qalmasın. Vətəndaşlar ictimai nəqliyyata üstünlük versin. İctimai nəqliyyat qüsursuz işləyəcəksə, sərnişinlərin vaxtlı-vaxtında daşınması təmin edildikcə fərdi avtomobillərlə yola çıxanların sayı avtomatik azalacaq. Bu məqsədə nail olmaq üçün bilirsiniz ki, bir çox yollarda xüsusi olaraq avtobus zolaqları ayrılıb, avtobus zolaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt olunması qadağan edilib, cərimələr müəyyənləşib. Bu tədbirlər avtobus zolaqlarının daim işlək vəziyyətdə olmasını təmin etməlidir. Hesab edirəm ki, bütün imkanlar gözdən keçirilməli, harada kiçicik də olsa imkan varsa, o yollarda avtobus zolaqları, velo-zolaqlar mütləq çəkilməlidir. Bununla biz həm ictimai nəqliyyatdan daha yüksək dərəcədə istifadəni, həm də mikromobilliyi təmin etmiş olarıq. Şəhərin piyadayönümlü olması da vacib məsələdir. İnsanlar şəhərdə səkilərin üzəri ilə rahat bir şəkildə hərəkət etməlidirlər. Piyada səkiləri müasir standartlara uyğun olmalıdır. Çünki piyada hərəkəti ictimai nəqliyyatın əsas növlərindən biridir. Bundan başqa, nəqliyyatın relsli növləri də olmalıdır. Xüsusilə də, tramvayların bərpası da mühüm əhəmiyyət daşıyır.