Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq işləri aparıldığı bir vaxtda biz idxaldan asılılığı mümkün qədər azaltmalıyıq
Bu günlərdə Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi keçirilir. Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də bu tədbirlərlə yanaşı, 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və daha bir neçə rəsmi qurum, agentliklər, assosiasiyalar tərəfindən dəstəklənir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır. Bu il keçirilən sərgilərdə keçən il ilə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılır. Qeyd edilir ki, Xəzər İnşaat Həftəsi tikinti və infrastruktur sahəsində ən son texnologiyaların və innovativ həllərin inteqrasiyasını təşviq edən və beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən mühüm beynəlxalq tədbirə çevrilib. Hər il bu tədbir Xəzər regionunun iqtisadiyyatının davamlı inkişafına yönəlmiş layihələrin uğurla həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması üçün vacib məkan rolunu oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətində tədbirin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin ümumilikdə dayanıqlı inkişafa töhfə verdiyini qeyd edib: “İlk dəfə 2003-cü ildə təşkil olunan “Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib. Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır. Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur. Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaqdır. Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaqdır”.
Sərginin açılış mərasimində Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov yerli KİV-lərə açıqlamasında hazırda ölkəmizdə fəaliyyətdə olan sahibkarlıq subyektləri barədə məlumat verib. E.Kazımov bildirib ki, bu gün Azərbaycanda 153 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib. Ümumilikdə sahibkarlar sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya qoyublar ki, bu da 10 min 500-dən çox daimi iş yerinin açılmasına imkan yaradıb. Növbəti mərhələdə mövcud layihələrə uyğun olaraq, sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya qoyulması planlaşdırılır ki, bu da 8 min 400-dən çox yeni iş yerinin yaradılmasına səbəb olacaq. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına artıq 118 milyon manatdan çox investisiya qoyulub və təxminən 500 daimi iş yeri yaradılıb. Ağdam Sənaye Parkı rezidentlərin sayı baxımından Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Hazırda Ağdam Sənaye Parkının 60 faizdən çox ərazisi artıq sahibkarlara verilib. Ümumilikdə 41 sahibkarlıq subyekti rezident statusu alıb, daha 5 subyekt isə bu 2 zonada qeyri-rezident statusu əldə edib. Bu 46 müəssisədən gözlənilən ümumi investisiya həcmi 390 milyon manatdan çox olacaq, yaradılacaq daimi iş yerlərinin sayı isə 4000-dən çoxdur. Xüsusilə Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyətə başlayıb, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 1 müəssisə fəaliyyət göstərir. E.Kazımov qeyd edib ki, bu şirkətlər elektrik paylama avadanlıqları, beton transformatorlar, dam və fasad örtükləri, ventilyasiya sistemləri, metal məmulatlar istehsal edir, həmçinin, kənd təsərrüfatı texnikası və yük avtomobilləri üçün texniki xidmət göstərir. İstehsal olunan məhsullar azad olunmuş ərazilərdə tikintidə fəal istifadə olunur və qismən digər ölkələrə ixrac edilir.
Paytaxtda keçirilən beynəlxalq sərginin əhəmiyyətinin böyük olduğunu söyləyən iqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu cür tədbirlər ümumilikdə iqtisadiyyatın inkişafına güclü təkan verməklə yanaşı, eyni zamanda sahibkarlıq subyektlərinin sayının artması, azad sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır:
- Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra həmin ərazilərdə nəhəng tikinti-quruculuq, abadlıq işləri, dirçəliş başlayıb. Biz hər zaman bunu vurğulayırıq ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hazırda iqtisadiyyatımızın inkişafı üçün geniş imkanlar var. İstər sənaye sahəsi olsun, istər kənd təsərrüfatı, istərsə enerji sektorunda. Təbii ki, həmin ərazilərdə sənaye obyektlərinin yaranması, sahibkarlıq subyektlərinin artmasına da təkan verir. Ölkəmizdə azad sahibkarlıq uzun illərdir inkişaf edir, bu sahəyə dövlətin xüsusi qayğısı var. Cənab Prezidentin göstərişi, tapşırıqları əsasında Ağdam Sənaye Parkı yaradıldı. Orada 9 müəssisə artıq fəaliyyət göstərir. Bilirsiniz ki, Xankəndidə İpək kombinatı, tikiş fabriki işə salınıb. Bu işdə Özbəkistan şirkətləri ilə birgə çalışılır. İşğaldan azad edilmiş ərazilərin dirçəlməsi sahibkarlıq subyektləri üçün əlavə münbit imkanlar deməkdir. Beynəlxalq sərgilərin əhəmiyyəti budur ki, bu səpkili tədbirlərdə dünyanın aparıcı şirkətləri iştirak edir, əməkdaşlıq üçün fürsətlər yaranır. Gərək şirkətlər əlaqələrin qurulmasında, sərfəli əməkdaşlıqda maraqlı olsunlar. Özlərini müsbət tərəfdən təqdim edə bilsinlər və tərəfdaş şirkət kimi fəaliyyətlərini davam etdirsinlər. Bizim üçün əsas məqsəd yerli tikinti materiallarının istehsalının artmasıdır. Bununla ölkəmiz digər ölkərlərdən tikinti materiallarının idxalını azalda bilər. Bu, həm dövlətə xeyirdir, həm də sahibkarlara. Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq işləri aparıldığı bir vaxtda biz idxaldan asılılığı mümkün qədər azaltmalıyıq. Dünyaya özümüzü istehsalçı ölkə kimi də tanıtmalıyıq. Bildirilir ki, Ağdam Sənaye Parkında, “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyət göstərən müəssisələr tərəfindən elektrik paylama avadanlıqları, beton transformatorlar, dam və fasad örtükləri, ventilyasiya sistemləri, metal məmulatlar istehsal edilir. Bu, əlbəttə sevindiricidir. İstehsal məhsullarının azad olunmuş ərazilərdə tikintidə fəal istifadəsi sahibkarlıq subyektlərinin güclənməsinə xidmət edən amildir. Sahibkarlar da bunu nəzərə alaraq istehsalın artırılmasına, beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətli istehsala nail olmaqla idxalçıdan ixracatçıya çevrilə bilər. Sahibkarlıq subyektləri yaranmış imkandan istifadəyə çalışmalıdırlar.