Bakı Trampa jest etdi - AÇIQLAMA

Blinken oyundankənar vəziyyətə salındı
Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi alınmadı

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməyib. Ermənistan XİN-in sözçüsü Ani Badalyan erməni tərəfinin görüşə razılıq verdiyini deyib. Yayılan xəbərə görə, ABŞ Dövlət katibi Antoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. 

Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-nin sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır. Yəni Azərbaycan ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb. 

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, E.Blinkenin ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31 iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirmək istəyi Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi daşıyırdı. Ekspertin sözlərinə görə, Bakı görüşdən imtina etdi, çünki bu görüş sadəcə “topal ördəyin” xeyrinə olacaq addım idi və sülh danışıqlarının irəliləməsi baxımından nəticəsiz olacaqdı: "Bakı bununla sülh danışıqlarını post-Bayden dövrünə saxlamaqla Trampa jest edir. Səbəbin “Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz siyasəti” olduğunu göstərən Bakı bununla Ağ Evin gələcək administrasiyasına da “ABŞ-nin bölgədəki proseslərdə iştirakı Azərbaycanla münasibətlərdən asılı olacaq” mesajını verir".