Bolqarıstan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Sherg.az"ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".