Gürcüstanda siyasi dövrə artıq qapanmaq üzrədir - POLİTOLOQ

Qərb siyasi dairələrinə xidmət edən Salome Zurabişvilinin dövlət postu əldən çıxmaqdadır

Gürcüstan Prezidenti Salome Zurabişvilinin prezidentlik səlahiyyətlərinin başa çatmasına sayılı günlər qalıb. Lakin Zurabişvili mitinqlərə qatılaraq öz rezidensiyasını tərk etməyəcəyini bəyan edib.
Tbilisidə keçirilən aksiyalarda iştirak edən Salome Zurabişviliyə geniş çıxış etməyə imkan verilməyib. O, qısa açıqlamasında hakimiyyətdən 1 həftə ərzində yeni seçkilər təyin etməyi tələb edib. Qeyd edək ki, 29 dekabrda  Gürcüstanın yeni seçilmiş prezidenti and içəcək. 53 yaşlı Mixail Kavelaşvili ötən həftə ölkənin yeni prezidenti seçilib. Ancaq Zurabişvili hakimiyyətdən getməyi planlaşdırmadığını bəyan edib. Prinsip etibarilə bu, artıq Gürcüstanda səngiməkdə olan etirazların yenidən dalğalanmasına cəhddir.
O, feysbukda yayımlanmış videomüraciətində hakim “Gürcü Arzusu” Partiyası təkrar seçkilərin keçirilməsinə razılıq vermədiyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə şura formalaşdırmaq niyyətində olduğunu bildirib.
Zurabişvilinin sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir.
O bildirib ki, hakim partiya kompromisə getməsə, ikinci ssenari qalacaq – “rejimin dağılması”. Zurabişvili, bununla yanaşı, seçilmiş Prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin prezidenti olaraq qalmaq niyyətindədir: “Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün şura yaradılacaq. Bu şuranın mandatı yalnız bir məsələyə – yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır və yəqin ki, sabah seçkilərin tezliklə keçirilməsi üçün bütün minimal şərtləri müəyyən edəcək sənəd hazır olacaq”. 
S.Zurabişvilinin sözlərinə görə, rejimin süqutu hakimiyyətin öz əli ilə baş verəcək, çünki onlar vaxtında “bu ölkə ilə necə davranmağı və özlərinə olan etimadı qorumağı” görə bilməyiblər.
Zurabişivilinin öz postunu tərk etməməsi Gürcüstan siyasi dairələrində hakimiyyəti qəsb etmək kimi qəbul edilir. Bunun üçün də Gürcüstan konstitusiyasında sərt cəza mexanizminin nəzərdə tutulduğu vurğulanır. Düzdür, Gürcüstan hakimiyyəti belə bir addım atmaq niyyətində olmadığını deyib. Lakin o da qeyd edilib ki, çıxılmaz vəziyyət yaranarsa, konstitusion normaların tətbiqi istiqamətində ciddi addımlar atılacaq.
Yeri gəlmişkən, Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani Gürcüstanda noyabrın 28-dən keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun fondu dayandığını bəyan edib. O qeyd edib ki, “İmedi” telekanalı Tbilisidəki etiraz aksiyalarının təşkilatçıları – “Daitov” (“Yanında qal”) və “Caçvi” (“Zəncir”) təşkilatları barədə reportaj hazırlayıb.
“Reportajda amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir. Bundan əvvəl rəsmi Tbilisi Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa Birliyinə üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi”, - o deyib.
Xarici işlər naziri Maka Boçorişvili isə vurğulayıb ki, “ATƏT/DTİHB missiyası Gürcüstanda seçicilərin geniş seçim imkanları olduğunu və partiyaların təşviqat aparmaqda azad olduqlarını təsdiq edib.
Onun sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının yekunu Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bütün mifləri dağıtdı: “Seçkilərlə bağlı yaradılan və müxalifətin yeni seçki tələbinin əsaslandığı bütün mifləri darmadağın etdim, ona görə ki, artıq bu əsas yoxdur, seçkilərin nəticələri və bütövlükdə demokratik proses başqa yollarla gözdən salınır”.
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze isə bildirib ki, ordunun hakimiyyətə və qurumlara tabe olmamağa çağırışı cinayətdir, istintaq orqanları cinayət əlamətlərinin olub-olmamasına baxmalıdır.
Hakim partiyanın icraçı katibi qeyd edib ki, ölkəni bu qədər yıxmaq istəyəndə müxalifət təslim olmağa çağırıb ortalığı qarışdırır: “Siz əzab içindəsiniz və ən böyük zərəri verməyə çalışırsınız. Amma uğur qazana bilməyəcəksiniz”.
O hesab edir ki, müxalifət ATƏT-in hesabatının məzmununa diqqət yetirmir.
M.Mdinaradze qeyd edib ki, ATƏT/ODİHR-in ilkin hesabatını çox mənfi qiymətləndirən müxalifət indi də yekun hesabatdan məmnunluq ifadə edir: “Əslində, hesabat eyni məzmundadır, sadəcə, daha geniş formada təqdim olunub".
İcraçı katibin sözlərinə görə, müxalifət ardıcıllıq göstərmir və mövqeyində qeyri-sabitdir: “Bizim müxalifətin səsləndirdiyi spekulyativ fikirlər ATƏT/ODİHR-in yekun hesabatında öz əksini tapmayıb. Hesabatda müəyyən tənqidi qeydlər var və bunu heç kim inkar etmir. Lakin müxalifət seçkilərlə bağlı 300 min saxtalaşdırılmış səslə əlaqədar iddialar irəli sürürdü, lakin bu barədə hesabatda heç bir məlumat yoxdur. Əksinə, yekun sənəd ilkin hesabatın eyni məzmununu genişləndirilmiş formada təsdiqləyir”.
O deyib ki, müxalifət əvvəlcə bu hesabatı “fəlakət” adlandırmışdı, indi isə onu “müsbət” kimi təqdim edir, bu da onların sənədin məzmunundan çox, necə təqdim ediləcəyinə önəm verdiyini göstərir: “Prezident Salome Zurabişvilinin qeyri-adekvat bəyanatlar verməyinə yeganə səbəb onun ağır emosional fonudur. Konstitusiyanı oxuyurlar, o qədər də cahil deyillər. Amma bunlar baş nazir təyin etmək, yeni seçkilər keçirmək istəyirlər. Lakin qeyd etmirlər ki, bunun üçün əsas olmalıdır”.

Qonşu ölkədə baş verən prosesləri dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəylinin də “Şərq”ə açıqlamasında dediyi kimi, Gürcüstanda siyasi vəziyyət kifayət qədər gərgindir. Ekspertin sözlərinə görə, Qərbin Gürcüstanda keçirilən seçkilərin nəticələri ilə barışmayacağı bəlli idi və hazırda da xarici təsir, xarici müdaxilələr aydın şəkildə özünü göstərir:

“Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra rəsmi Tbilisi total şəkildə beynəlxalq təzyiqlərə məruz qoyulmaqdadır. Xüsusilə də, Qərb siyasi dairələrinin seçkilərin nəticələrini şübhə altına alması Gürcüstan vətəndaşlarının mövqeyinə açıq hörmətsizlik xarakteri daşıyır. Yəni ABŞ və Qərb xarici kəşfiyyat servisləri tərəfindən idarə olunan "qrant agenturası"nın parlament seçkilərində ağır məğlubiyyəti ilə barışmaq istəmir. Əksinə, nəyin bahasına olursa-olsun, "qrant aventurası"nın təmsilçilərini hakimiyyətə gətirməklə, Gürcüstanı da Ermənistan kimi, Qərbin geopolitik müstəmləkəsinə çevirməyə cəhd göstərir. Və hələlik bu hədəfə çatmaqda kifayət qədər ciddi problemlərlə üzləşir.
Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransanın bütün ortaq məkrli planlarına baxmayaraq, hakimiyyətdə olan "Gürcü Arzusu" Partiyası ölkədaxili və xarici təzyiqlərə tab gətirməyi bacarır. Gürcüstana qarşı Qərbin siyasi sanksiyaları hələlik gözlənilən nəticələrdən çox-çox uzaqdır. Rəsmi Tbilisi hesab edir ki, Gürcüstanın müstəqil xarici siyasət kursu yürütməsi Qərb siyasi dairələrini qıcıqlandırır. Və ona görə də, Gürcüstanda dövlət çevrilişi etmək üçün bütün imkanlardan istifadə olunur”.
Qərb əleyhinə mövqeyi ilə seçilən keçmiş futbolçu Mixail Kavelaşvilinin Gürcüstan prezidenti seçildiyini xatırladan siyasi ekspert qeyd edib ki, Gürcüstanda ABŞ, Avropa Birliyi və Fransanın müdaxilə etməyə can atdığı siyasi dövrə artıq qapanmaq üzrədir: “Hər halda, Qərb siyasi dairələri Fransa kəşfiyyatı tərəfindən idarə olunan Prezident Salome Zurabişvilini də itirir. Daha doğrusu, Gürcüstana deyil, məhz Qərb siyasi dairələrinə xidmət edən Salome Zurabişvilinin dövlət postu əldən çıxmaqdadır. Və bu, Qərb üçün Gürcüstanda sonuncu siyasi mexanizmin də itirilməsi anlamı daşıyır. Bir neçə günə səlahiyyəti sona çatacaq Salome Zurabişvilinin Gürcüstan üçün ziyanlı siyasi fiqur olduğu artıq heç kəsə sirr deyil. O, gedərayaq Gürcüstana növbəti zərbənin vurulması barədə düşünür. Mitinqlərdə qeyd edir ki, öz postunu tərk etməyəcək, prezident sarayında fəaliyyətini davam etdirəcək. Reallıq isə budur ki, istəsə də, istəməsə də, 29 dekabrdan sonra Salome Zurabişvili prezident statusunu itirərək, sadəcə, Fransanın agenti olaraq, fəaliyyət göstərə bilər. Və o, dövlətə xəyanət ittihamı ilə prezident sarayından birbaşa həbsxanaya da göndərilə bilər.
Gürcüstan parlamentinin onun keçmiş prezident kimi dövlət mühafizəsindən məhrum edilməsi barədə qanunu tez-tələsik qəbul etməsi də Salome Zurabişvili üçün "dəmir barmaqlıqlar" arxasına düşmə ehtimalını artırır”.