“Niqab kimi məsələlər elmə, mədəniliyə, sivilizasiyaya deyil, tarix sübut edir ki, əksinə, xurafata, cəhalətə və mövhumata aparır”
Qırğızıstanda ictimai yerlərdə niqab taxanlar cərimələnəcəklər.
“NewTimes.kz” xəbər agentliyinin məlumatına görə, sözügedən qanun layihəsinə əsasən, qaydaya riayət etməyənlər 20 min som məbləğində cərimələnəcəklər.
Müddəa Qırğızıstan parlamentində “Dini etiqad azadlığı və dini birliklər haqqında” qanun layihəsi çərçivəsində müzakirə edilir.
Bundan əvvəl ictimaiyyət nümayəndələri və hüquq müdafiəçiləri bunun demokratiya prinsiplərinə zidd olduğunu əsas gətirərək, ictimai yerlərdə niqab taxmağı qadağan edən müddəanın qanun layihəsindən çıxarılmasını xahiş etmişdilər. Bununla belə, qanun layihəsinin təşəbbüskarları cavab veriblər ki, bu məhdudiyyət yalnız dövlət orqanlarında və ictimai yerlərdə vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verməyən, siyasi proseslərdə iştirakını məhdudlaşdırmayan geyimlərə şamil olunur.
Qeyd edək ki, Qırğızıstan niqabla bağlı qadağa məsələlərinin müzakirə olunduğu ilk ölkə deyil. Daha əvvəllər Fransa, Danimarka, Avstriya, Belçika, İsveçrə və İspaniyanın bir sıra rayonlarında, Kanadanın Kvebek əyalətində və sair yerlərdə bu cür qadağalar tətbiq edilib.
2011-ci ildə Fransa parlamenti üzü tam şəkildə örtən geyimi ictimai yerlərdə və küçələrdə qadağan edən qanun layihəsinə yekun səsvermə keçirib. Səsvermədə 339 deputat iştirak etmişdi. 335 deputat qanun layihəsinin leyhinə, 1 nəfər isə əleyhinə səs hesabına verib, qanun qəbul olunub.
Eyni qadağa 2018-ci ilin avqustunda Danimarkada qüvvəyə minib. Etirazlara səbəb olan bu qadağanı pozanlar 157 dollar, təkrarlanan zaman isə 10 dəfə artıq cərimə edilir.
Hollandiyada da niqab qadağası qəbul edilib. Orada üzün bütün hissəsinin bağlanması məktəb, xəstəxana, ictimai nəqliyyatda qadağan edilib.
Almaniyada isə maşın sürəndə üzün qapadılması qadağandır. Hakimlər, məmurlar və əsgərlərin də bir qisminə bu qadağa tətbiq olunur. Üzünün tam hissəsini bağlayan qadınların şəxsiyyət müəyyənləşdirməsi zamanı niqabını çıxarması öhdəliyi var. Avstraliyada məktəb, məhkəmə zalları kimi ictimai binalarda üzün tam hissəsinin örtülməsini qadağan edən qanun 2017-ci ilin dekabr ayında qüvvəyə minib. Belçikada da 2011-ci ildə qüvvəyə minən qadağa park və küçələri də əhatə edir. 2018-ci ilin iyun ayında bənzər bir qadağanı qəbul edən Norveç bu qadağanı sadəcə təhsil ocaqları ilə məhdudlaşdırıb.
2016-cı ildə ictimai yerlərdə üzlərini qapadan qadınlara cəza verilməsinə qərar verilən Bolqarıstanda bu qadınların aldığı yardımlar da kəsilir.
Lüksemburqda isə qadağa sadəcə xəstəxana, məhkəmə salonu kimi ictimai binaları əhatə edir. İspaniyada sadəcə Barselonada bələdiyyə binaları, market və bazarlarla kitabxanalarda üzün örtülməsi qadağandır. İsveçrənin də sadəcə bəlli bölgələrində üzün ictimai yerlərdə örtülməsi qadağandır.
Niderlandda da üzü bağlayan geyimlər qadağan edilib. İctimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində niqab qadağandır.
Əlcəzairdə isə qadınların niqabda işə gəlməsi qanunla qadağan edilib. Bir neçə il əvvəl Dağıstanda da eyni müzakirələr gedib. Qeyd edilib ki, üzü tamamilə örtən bu geyim növü əsasən ərəb dünyasında qəbul olunub və onun geyinilməsi bütün müsəlmanlar üçün məcburi deyil.
İndi təhlükəsizlik riskləri artıb və insanların şəxsiyyətini müəyyən etmək üçün dövlətin üzün tamamilə örtülməməsini tələb etmək hüququ var.
Maraqlıdır, şəriətin niqab haqqında konkret hökmü varmı? Niqaba qadağa İslam qaydalarını pozurmu?
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, islamda niqab yoxdur. Niqabın taxılmasının məcburi olmadığını vurğulayan millət vəkili qeyd edib ki, dində konkret hicabla bağlı məsələ var:
"O da üzün, əlin, bədənin müəyyən hissələrinin örtülməsini nəzərdə tutur. Bu gün bu məsələni dinlə əlaqələndirmək doğru deyil. Niqab sonrakı dövrdə islama gətirilmiş ənənədir. Yəni dinimizdə niqab fərz deyil. Bəzi ölkələrdə niqabın qadağan edilməsi isə təbiidir. Bu, ondan irəli gəlir ki, niqab altında gizlənən şəxslərin cinayət törətmə ehtimalı var. Niqabın taxılmasını məcbur etməklə qadınların qorunduğunu düşünürlər. Onların fikrincə, qadının üzünün açıq olması fitnə-fəsad yarada bilər. Odur ki, təhlükəsizliklə bağlı məhdudiyyətlərin artırılması anlaşılandır. Görünən odur ki, bu cür addımları atan ölkələrin sayı getdikcə artacaq”.
İlahiyyatçı Tural İrfan isə hesab edir ki, dünyəvi qanunlarla idarə olunan ölkələrdə dini camiələr bunu nəzərə almalıdır:
“İslam inancına görə, qadının hicabda olması dinin tələbidir. Lakin niqab və çarşaf, yəni bütün bürünmək, üzü, gözü də bağlamaq dinin tələbi deyil, bu, ərəblərin milli adətidir. Quranda niqab əmr edilməyib. Əksinə, islam hər xalqın öz ənənələrinə hörmətlə yanaşır. Türk xalqlarının milli geyiminin tamamı islama uyğundur. Niqabın qadağan edilməsi milli ənənələrə qayıdış və dini ifratçılıqla bağlı ola bilər. Dinin rəmzi niqab deyil, elm, əxlaq, mədəniyyətdir. Niqab kimi məsələlər elmə, mədəniliyə, sivilizasiyaya deyil, tarix sübut edir ki, əksinə xurafata, cəhalətə və mövhumata aparır”.
İlahiyyatçının fikrincə, dində qəti hökm kimi vacib əmr edilməyən niqab kimi amillərin qadağan edilməsi dinin əleyhinə olaraq hüquq pozuntusu kimi qəbul edilə bilməz: “Niqab islamda vacib deyil. Əgər dinin vacib əmr etdiyi ayini, geyimi qadağan etsələr, bu zaman nəyəsə etiraz etmək olar. Niqab islamın deyil, ərəb millətinin adətidir. Onlar buna riayət edirlər, qoy etsinlər. Lakin türk millətinin də öz adətləri var”.