Türkiyənin Suriyada iştirakı böyükdür: əsas vəzifələr türk agentləri kimi tanınan şəxslərə verilir, tədris proqramlarında artıq dəyişikliklər baş verib: “Osmanlı işğalı dövrü” ifadəsi “Osmanlı hakimiyyəti dövrü” ifadəsi ilə əvəz edilib.
Bu sözləri erməni türkoloq Ruben Safrastyan sosial şəbəkə hesabında yazıb. O, bu halda ciddi narahat olduğunu bildirib və “Hər şey yeni başlayır” deyə qeyd edib.
Xatırladaq ki, Suriyada Müdafiə Nazirliyinin rəhbərliyində türk generalların təmsil olunması və Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə Enes Xəttabın təyin edilməsi antitürkləri çox narahat edib. Belə ki, Xəttab Türkiyədə təhsil alıb və MİT-lə geniş əlaqələrə malikdir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, Ermənistandakı Türkologiya bölməsi Sovetlər Birliyinin Türk dünyasına qarşı ideologiya yaratması üçün fəaliyyət göstərir:
"İndiyə qədər Ermənistandakı Türkologiya bölməsində işləyən bir çox müəllimlər Türkiyə, Türk dünyası və Turan əleyhinə tədqiqatlar aparıblar. Şəxsən tanıdığım, Ermənistana getdiyim zaman görüşdüyüm professor Ruben Saftrasyan, hazırda Türkologiya bölməsinin ən məşhur müəllimlərindən biridir. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra, rusların Cənubi Qafqazda qalmaq üçün Ermənistandan istifadə edərək işğal etdikləri yeddi rayon və Dağlıq Qarabağı 44 günlük müharibə zamanı azad etmə prosesində bu professor olduqca maraqlı iddialar irəli sürmüşdü. Həmin iddiaların başında Ermənistanın bölgədə Azərbaycana qarşı deyil, Türkiyəyə, Pakistana və İsrailə qarşı mübarizə apardığını deyərək, Azərbaycanın qələbəsinə kölgə salmağa və psixoloji üstünlük yaratmağa çalışmışdı. Yaşanmış travmalar arasında ideoloji əlaqə quraraq uğurları kölgələmək metodu bir kəşfiyyat metodudur".
Politoloqun sözlərinə görə, Türkiyənin Suriyada mövqe alması beynəlxalq əlaqələr baxımından son dərəcə vacib bir inkişafdır:
"Professor Ruben bu uğuru kiçiltmək üçün belə bir yol və metod seçmişdi. Ərdoğanla Əsəd əvvəllər olduqca yüksək səviyyəli dostluq əlaqələri içində idilər. Dünyadakı inkişaflar Əsədin əleyhinə işlədi. Türkiyə bu məsələdə Əsədi dəfələrlə xəbərdar etdi. O isə dünya sistemi ilə inteqrasiya olmaq yerinə Rusiya və İranla birgə hərəkət etməyi seçdi. Həmçinin İran və Rusiya Əsədi bölgədə qoruya bilməyəndə yeni bir proses başlamış oldu. Əsəd öz vətəndaşlarına tətbiq etdiyi axmaq siyasətlə vətəndaşlarının yarısının xaricə qaçmasına səbəb oldu. Bu zaman Türkiyədə təxminən 10 milyon suriyalı qaçqın olaraq gəldi. Əsəd rejimi devrilib yeni bir proses başlayanda Türkiyədə on il qalan, Türkiyənin sistemini öyrənən və yeni dünya düzənində keçərli olacaq bu sistemi ən yaxşı tətbiq edəcək şəxslər arasında seçim edildi və Türkiyəyə geri dönənlərin içərisində bəziləri rəhbər olaraq təyin olundu. Suriyada əvvəlcə Fransa, sonra İran və Rusiya bir sistem qurmuş və bu sistemin eyni Ermənistanda olduğu kimi, türklər və Türkiyə əleyhinə təhlil edildiyi ortaya çıxmışdı. İllərlə məktəblərində Türk düşmanı olaraq yetişən Suriyalılar, hökumətdən gördükləri zülm qarşısında gəldikləri Türkiyədə belə bir şeyin olmadığını anlayınca, öz ölkələrinə qayıdınca ilk etdikləri onları ideoloji olaraq yanlış yönləndirən sistemi dəyişdirmək oldu. Bunun üçün əvvəlcə məktəb kitabları, sonra bütün bilik bazası dəyişdirilərək yeni sistemə uyğunlaşdırılacaq".
Hasan Oktayın sözlərinə görə, erməni türkoloq Ermənistandakı böhranın Suriya kimi olmasını ləngitmək və Rusiyadan ayrılmasının qarşısını almaq üçün Türkiyənin uğurunu bu cür etibarsızlaşdırmağa çalışır:
"Əslində, professor Ruben analiz qabiliyyəti yüksək, Türkologiya sahəsində yaxşı işlər görmüş bir akademisyen olaraq elmi tədqiqatlarına davam etməsi, onun daha faydalı işlər görməsinə kömək olacaq. 1991-ci ilin dekabrında Sovet sistemi çökdüyü kimi, 2024-ci ilin dekabrında da SOYAD, Baas rejimləri və onların törəməsi marksist terror təşkilatlarının dövrü bitmiş olacaq. Sovet sisteminin dağılışının ən ağrılı nəticələrini Cənubi Qafqaz ödəyib. İndi isə 2024-cü ilin dekabrında Baas sisteminin rejiminin yıxılmasının təsirlərini yenə də Cənubi Qafqazın çəkməməsi üçün Ermənistanın da dəyişməsi lazımdır. Bu mənada, Azərbaycan son dövrlərdə AZAL təyyarəsinin vurulması ilə yaşadığı acını təkrarladı. Ermənistandakı dəyişiklikləri təxirə salmaq məqsədilə, məsələni Suriyaya çəkmək və bu dövləti Rusiyaya bağlı saxlamaq çox mümkün görünmür".