Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son günlər yayılmış videosu böyük müzakirələrə səbəb olub. Ter-Petrosyanın sözləri münaqişənin əsl səbəblərini, kimin tərəfindən düşünülüb nə üçün icra edildiyini açıq şəkildə göstərir. Üstəlik Levon Ter-Petrosyan bu çıxışı 1993-cü ildə, Ağdamın işğalından həmən sonra erməni terror qruplarının qarşısında edib.
Qeyd edək ki, tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Videoda Ermənistanın faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiyi elə bu ölkənin keçmiş liderinin dili ilə təsdiqini tapıb.
Video eyni zamanda “demokrat”, “liberal” imicli Petrosyanın bütün kimliyini, onun əsl faşist təfəkkürünü ortaya qoyub. Eks-prezident öz dili ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib. O, bir növ məlumun elanını edir – sözlərinin “tərcüməsi”, məğzi budur ki, əgər biz türkləri indiki Ermənistan ərazisindən qovmasaydıq, müstəqil dövlət ola bilməzdik: " 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlı yaşayırdı. Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin, Qarabağ. Bu gün bütün Artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.
Göründüyü kimi Ermənistanın keçmiş başçısı indiki Ermənistanı azərbaycanlılardan necə “təmizlədiklərini” çəkinmədən söyləyib. Ardınca da əlavə edib ki, tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdilər. Gətirilən sitat isə sadəcə, dəhşət doğurur. Hakimiyyətdə olmasının 8-ci ilində prezidentlikdən devrilib müxalifətə keçən bu “demokrat”ın ifadələri onun bəşəriyyətə qarşı cinayətlər törətmiş faşist lideri Adolf Hitler, serb cəllad Slobadan Miloşeviçlə birgə ittiham olunmasını şərtləndirir.
Milli Cəbhə Partiyasının sədr müavini , siyasi ekspert Məhəmməd Əsədullazadə də "Sherg.az"a açıqlamasında deyib ki, Levon Ter-Petrosyan azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib. Onun sözlərinə görə, Ter -Petrosyanın bu açıqlaması onun barəsində beynəlxalq məhkəmənin başlamasına, cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir. M. Əsədullazə qeyd edib ki, Ter-Petrosyanın bu çıxışı Ermənistanın əvvəlki hakimiyyətinin etnik təmizləmə ruhunda olduğunu təsdiq edir: "Buna görə də Ermənistan azərbaycanlıların zorla köçürülməsində konkret məsuliyyət daşıyır. Güman edirəm ki, bu video Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən məqsədli olaraq sızdırılıb. Paşinyan bununla da, Qarabağın işğal olunması, azərbaycanlıların Ermənistandan deportasiya olunması kimi problemləri məhz Ermənistanın keçmiş hakimiyyətlərinin "xidmətlər"i olduğunu beynəlxalq ictimaiyyətə və daxili auditoriyaya göstərmək istəyir. Təqdim olunan video ermənilərin planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. "Demokrat” düşüncəli lider kimi qələmə verilən keçmiş prezident L.Ter-Petrosyanın çıxışını Ermənistanın digər eks-prezidenti Serj Sarkisyanın Xocalı Soyqırımı ilə bağlı səsləndirdiyi etirafların oxşarı da adlandırmaq olar. Ter-Petrosyanın yayılan bu videosunu izləyən hər kəs Ermənistanın müstəqilliyinin ilk illərindəki əsl mahiyyəti ilə yaxından tanış olmaq imkanı əldə edir. Bir daha bəlli olur ki, “azərbaycanlılarsız Ermənistan və Qarabağ” Ermənistanın gerçək mahiyyətini təşkil edib".
Siyasi ekspertin fikrincə, videoda səsləndirilən fikirlər ermənilərin bütün hakimiyyətlərinin, eks-prezidentlər - Levon-Ter Petrosyan, Robert Koçaryan, Serj Sarkisyanın faşist ideologiyasına xidmət etdiklərini təsdiqləyir. O qeyd eeub ki, məhz bu üç fiqur Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub məsuliyyətə cəlb edilməlidirlər: "L.Ter-Petrosyan Qərbi Azərbaycandan, yerdə qalanlar isə Qarabağ və ətraf ərazilərdən azərbaycanlıların qovulmasında, ev-eşiklərindən məhrum olmalarında, törədilən soyqırımılarında birbaşa iştirak ediblər, tapşırıqlar veriblər. Sonradan faşizm estafetini Köçəryan-Sarkisyana ötürən Njdenin davamçısı Levon Ter-Petrosyan üçün bu etiraf videosu onun məsuliyyətə cəlb olunması üçün yetərli faktdır. Ümid etmək olar ki, beynəlxalq təşkilatlar, o cümlədən soyqırımılarını araşdıran hüquq-müdafiə təşkilatı üçün bu çıxış-etiraf da əyani vasitə kimi istifadə olunacaq. Tək Ter-Petrosyan deyil, Ermənistanın ondan sonra hakimiyyətdə olmuş siyasi fiqurlarının da məsuliyyətə cəlb edilərək layiqli cəzalarını almalarının vaxtı çatıb".