Petrosyan Qarabağdakı soyqırımı və işğalın təşkilatçılarından biridir - POLİTOLOQ

Tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: "Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən, digər torpaqlar ermənilərin əlindədir". Ermənistanın birinci prezidenti onu da etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində, Ermənistanda Basarkeçər, Uluxanlı, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar. Təbii ki, bütün bunlar Petrosyanın da xələflərindən fərqli düşüncədə olmadığını, xalqımıza qarşı cinayətlərdə məsuliyyət daşıdığını nümayiş etdirir.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Levon Ter-Petrosyan Ermənistanın ilk prezidenti və ölkəni türksüzləşdirən şəxslərdən biri olub:

“Düzdür, Petrosyan Qarabağ ermənisi deyil və Suriyanın Hələb şəhərində anadan olan bir şəxsdir. Levon Ter-Petrosyanın məhz erməni diasporu tərəfindən hakimiyyəti gətirildiyini bilməyən yoxdur. Erməni diasporu isə Yaxın Şərqdə olan ermənilər tərəfindən formalaşan ciyanətkar şəbəkədir. Petrosyan da Suriya ermənisi olduğu üçün həmin təşkilatla ciddi əlaqəsi var idi. Petrosyanın rəhbərlik etdiyi hərəkatın nəticəsində Ermənistandan azərbaycanlılar qovuldular və Qarabağın işğalına dəstək göstərdilər. Bu gün Potresyanın masqalanmasının, özünü sülhpərvər kimi göstərməsinin və baş verən bütün cinayətlərə görə Robert Köşəryan, Serj Sarkisyanı ittiham etməsinin heç bir əsası yoxdur. Qarabağın işğalında Köçəryan və Sarkisyan nə qədər günahkardırsa, Potresyan da o qədər günahkar sayılır. Çünki o, prezidentliyi dövründə Ermənistan qoşunlarının Qarabağda azərbaycanlılara qarşı işğalçılıq siyasəti həyata keçirməsinə şərait yaradırdı. Digər tərəfdən diplomatik müstəvidə Azərbaycanı yubatmağa çalışırdı. Məsələn, Şuşanın işğalı ərəfəsində baş verən prosesləri xatırlamaq kifayətdir. Həmin vaxt verilən yalan vədlər və açıqlamalar Petrosyanın ikiüzlülüyünün göstəricisidir. Ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalı Petrosyanın rəhbərliyi dövründə baş tutub. Yayılan videolar, verilən açıqlamalar onun günahının da sözgügedən məsələlərdə az olmadığını sübut edir. Levon Ter-Petrosyan faktiki şəkildə müharibədə birbaşa iştirak etməsə də, Azərbaycan xalqının soyqırımında və torpaqlarımızın işğalı prosesinə rəhbərlik edən şəxslərdəndir”.