Paşinyandan Əliyevin bəyanatına REAKSİYA

Ermənistanın müdafiə qabiliyyətli orduya malik olmağa qanuni hüququ var, lakin İrəvanın qonşularına qarşı aqressiv niyyəti yoxdur.
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress" agentliyinə müsahibəsində Azərbaycanın Prezidenti İlham Əliyevin son bəyanatını şərh edərkən bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan bütün qonşularının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Bakıdan da eyni addımı gözləyir.
Silahlanma ilə bağlı narahatlıqlara gəlincə, Paşinyan qeyd edib ki, erməni tərəfinin Azərbaycanın silahlanması ilə bağlı narahatlıqları var və qonşu dövlətin narahatlıqları nəzərə alınıb. Məhz bu səbəbdən İrəvan Bakıya qarşılıqlı silah nəzarəti mexanizmi yaratmağı təklif edib və indi cavab gözləyir.
Yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan faktiki olaraq Cənubi Qafqaz üçün təhlükə mənbəyidir və onun silahlanması bölgədə yeni gərginliyə səbəb olacaq.