Zelenski Romada İtaliyanın Baş naziri ilə görüşüb

İtaliyanın Baş naziri Ciorcia Meloni Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, görüşdə İtaliyanın rəsmi Kiyevin və Ukrayna xalqının qanuni müdafiəsi üçün təmin etdiyi hərtərəfli dəstəyin əhəmiyyəti bir daha qeyd olunub. Volodimir Zelenski sosial media hesabındakı paylaşımda müzakirələrdə əsas mövzuların təhlükəsizliyin gücləndirilməsi, qlobal hadisələrin idarə edilməsi və bu il Romada keçiriləcək Ukraynanın bərpasına dair konfransa hazırlıq olduğunu qeyd edib, İtaliyaya və İtaliya xalqına sarsılmaz dəstəyə görə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Mattarella bu gün Volodimir Zelenski ilə görüşəcək.