Böyük Britaniyanın Azərbaycandakı səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, bu barədə səfir özünün "X" səhifəsində yazıb.

"Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram", - səfir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.