Azərbaycan və Ermənistan ATƏT-in bütün üzvlərinə müraciət ünvanlamalıdırlar ki... - TƏHLİL

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan hakimiyyəti Rusiya, ABŞ və Fransanın həmsədi olduğu ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır: “Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki “Qarabağ hərəkatını” davam etdirmək niyyətində deyilik. Biz bunu ona görə etmirik ki, bundan sonra Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olmaq istəyirik”.

Paşinyan bildirib ki, ATƏT-in Minsk Qrupunun ləğvi rəsmi Bakının sülh müqaviləsindən kənar tələblərindədir. Əlbəttə, bu tələbin də konkret əsasları var. ATƏT-in Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmir. Elə isə bu qurumun formal da olsa, fəaliyyətini saxlaması əsassızdır. Ermənistanın indiki məqamda qurumun ləğvi ilə bağlı Bakının tələblərini qəbul etməsi, ya da Paşinyanın deyişi ilə ləğv məsələsini müzakirə etməyə hazır olması müsbət haldır. Bakı və İrəvan danışıqlar yolu ilə bu məsələni həll edə bilər. Bu, sülh prosesi fonunda mühüm yenilik olar. Lakin Paşinyanın dediklərində diqqətçəkən bir məqam var. O deyir, “Biz bunu ona görə etmirik ki, bundan sonra Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olmaq istəyirik”.


Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, Ermənistan tərəfi sülh məsələsini öz məqsədləri üçün istifadə etməyə çalışır. 

Ekspert vurğulayıb ki, İrəvan hökuməti elə bir təəssürat yaradır ki, guya sülh prosesində bütün məsələlər öz həllini tapıb, yeganə problem sazişin harada və nə vaxt imzalanmasıdır: 

"Ancaq bu, yanlış yanaşmadır. Ermənistan Azərbaycanın haqlı tələblərini dərhal icra etməlidir. İlk növbədə Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını aradan qaldırmalı, digər tərəfdən ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir. Bunlar çox ciddi, siyasi-hüquqi əsaslı məsələlərdir. Azərbaycan bütün mübahisəli məsələlərin bir proses çərçivəsində həllində maraqlıdır. Bu baxımdan Minsk qrupu kimi torpaqlarımızın azadlığı, BMT və digər beynəlxalq qurumların qətnamələrini icrası istiqamətində heç bir addım atmayan təşkilatların ləğvi zəruridir. Eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalıdır. Azərbaycan və Ermənistan ATƏT-in bütün üzvlərinə müraciət ünvanlamalıdırlar ki, Minsk qrupunun ləğvi ilə bağlı hər iki ölkənin siyasi iradəsi mövcuddur. ATƏT konsensus əsasında fəaliyyət göstərir və burada istənilən bir dövlət bu müraciətə, təşəbbüsə qarşı veto hüququndan istifadə edə bilər. Bununla bütün proses tormozlana bilər".