Azərbaycan, Türkiyə, Pakistan: Qardaşlıqdan Strateji İttifaqa

Ekspert: ‘Qardaşlıq bağları’ siyasi əməkdaşlığın sərhədlərini aşır”
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji tərəfdaşlıq son illərdə yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də təhlükəsizlik, müdafiə və humanitar əməkdaşlıq istiqamətlərində mühüm irəliləyişlərlə müşahidə olunur.
Azərbaycan–Türkiyə–Pakistan liderlərinin Zirvə görüşündə səsləndirdikləri şərhlər göstərir ki, bu üç dövlət regional və beynəlxalq arenada daha təsirli mövqe nümayiş etdirməyə, həmçinin ortaq maraqlar ətrafında daha sıx koordinasiyaya nail olmağa qərarlıdırlar. 
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:
“Azərbaycan, Türkiyə və Pakistan strateji müttəfiqlərdir. Bu münasibətlər təkcə dövlət səviyyəsində deyil, həm də xalqlar arasında mövcud olan qardaşlıq bağlarına əsaslanır. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri məhz Pakistan olub. Eyni zamanda, Türkiyə də daim Azərbaycanın yanında olub. 2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb. Bu bəyannamə dövlətlər arasında strateji tərəfdaşlığın hüquqi əsasını möhkəmləndirib. Hazırda Pakistan Baş nazirinin Azərbaycana səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı bu üç dövlətin birliyinin güclü mesajıdır. Bu addımlar həm regional, həm də beynəlxalq miqyasda birgə mövqelərin nümayişidir.”
Ekspert 44 günlük Vətən müharibəsində həm Türkiyənin, həm də Pakistanın Azərbaycana mənəvi dəstəyini də xatırladıb:
“Eyni zamanda, Azərbaycan da Pakistanın Kəşmir məsələsindəki mövqeyini açıq şəkildə dəstəkləyir və bu bölgənin Pakistanın ayrılmaz hissəsi olduğunu bildirir. Bu gün Azərbaycan–Pakistan münasibətləri daha da dərinləşir və qarşılıqlı iqtisadi, hərbi və siyasi əməkdaşlıq genişlənir. Gələcəkdə Pakistanın da Türk Dövlətləri Təşkilatında üzv kimi təmsil olunması gözlənilir. Bu isə üç qardaş dövlətin daha güclü platformada birgə fəaliyyətini təmin edəcək.”