“Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib -FOTO

İyunun 18-də İris Hoteldə “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib.
Sherg.az xəbər verir ki, tədbir Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi məqsədilə təşkil olunub. Foruma Azərbaycan və Türkiyədən olan millət vəkilləri, tanınmış media nümayəndələri, ictimai-siyasi xadimlər və qardaş ölkənin Azərbaycandakı səlahiyyətli səfiri Birol Akgün qatılıb. Forumun əsas mövzusu 15 iyun hadisələrinin mahiyyəti, bu prosesin Türk dünyasına təsirləri və ümumilikdə Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi olub.
Forumu rəsmi olaraq açıq elan edən Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə toxunaraq, bu cür tədbirlərin ictimai rəyə təsiri və iki ölkənin ziyalılarını bir araya gətirməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Forumda çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü və Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər tədbirin keçirilmə tarixinin simvolik məna daşıdığını vurğulayıb.
Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyun hadisələrinin təkcə Türkiyənin deyil, bütün Türk dünyasının gələcəyinə təsir edə biləcək bir proses olduğunu söyləyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərindən söz açaraq, bu əlaqələrin təkcə siyasi yox, həm də mədəni və mənəvi dəyərlər üzərində qurulduğunu bildirib. Akgün qeyd edib ki, hər iki millət aralarına ixtilaf toxumu səpmək istəyənlərə fürsət verməməlidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı da forumda çıxış edərək, Türk dünyasının birliyinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Türkiyəyə bir şey olarsa, bütün Türk dünyası zərər görər. 15 iyun hadisələrində də bütün türk dünyasının bunun fərqində olduğunu əlavə etdi. O qeyd etdi ki, bu hadisələr xarici qüvvələrin Türk dövlətlərini zəiflətmək üçün həyata keçirdiyi bir planın tərkib hissəsi idi.
Milli Məclisin deputatı Səbinə Salmanova, "Teleqraf" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı və digər natiqlər də çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətini vurğuladılar.
Forum çərçivəsində Azərbaycan mətbuatının 150 illiyi münasibətilə də təbriklər səsləndirildi. Bildirildi ki, Azərbaycan mətbuatı təkcə ölkənin deyil, bütün türk dünyasının ilk mediasını formalaşdıran öncül təcrübələrdən biridir.
Tədbir mövzu üzrə müxtəlif panellərlə davam etdirildi. Panellərdə siyasi, media və ictimaiyyət nümayəndələri iştirak edərək 15 iyun hadisələri, Türk dünyasının gələcəyi, ortaq informasiya məkanı və təhlükəsizlik çağırışları mövzusunda fikir mübadiləsi apardılar.

Qalereya