4 min ailə itkinindən hələ də xəbər gözləyir - Ekspert çıxış yolunu göstərdi

  • “Azərbaycan, Ermənistan və Gürcüstan birgə çalışmalıdır”

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi uzun illərdir dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Birinci Qarabağ müharibəsi dövründən etibarən taleyi naməlum olan 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ həm beynəlxalq təşkilatların, həm də Ermənistanın qarşısında dəfələrlə qaldırılıb.

Lakin işğal dövründə Ermənistan tərəfi itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumatları təqdim etməyib. 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq və axtarış işləri zamanı aşkarlanan kütləvi məzarlıqlar isə uzun illər gizli saxlanılan həqiqətlərin üzə çıxarılmasına imkan verib. Aşkar edilən qalıqlar arasında Birinci Qarabağ müharibəsi zamanı öldürülmüş və edam edilmiş azərbaycanlıların olduğu müəyyənləşdirilib.

Bu faktlar göstərir ki, illərdir itkin hesab olunan şəxslərin bir qisminin taleyi Ermənistan tərəfindən bilinsə də, bu barədə məlumatlar ailələrdən və beynəlxalq ictimaiyyətdən gizlədilib. Buna görə də Azərbaycan üçün məsələ yalnız itkinlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Əsas məqsədlərdən biri həmin şəxslərin hansı şəraitdə öldürüldüyünün, harada dəfn edildiyinin müəyyənləşdirilməsi və bu barədə bütün məlumatların toplanmasıdır.

Azərbaycan itkin düşmüş vətəndaşlarının taleyinə sonadək aydınlıq gətirilməsində israrlıdır. Ermənistanın təcavüzü nəticəsində öldürülmüş və ya edam edilmiş şəxslərin dəfn yerlərinin müəyyənləşdirilməsi, onların taleyi ilə bağlı bütün faktların üzə çıxarılması və ailələrə cavab verilməsi bu istiqamətdə qarşıda duran əsas vəzifələrdəndir.

Bu proses həm onilliklərdir doğmalarının yolunu gözləyən ailələr üçün, həm də Birinci Qarabağ müharibəsi zamanı baş vermiş hadisələrin tam mənzərəsinin ortaya qoyulması baxımından mühüm əhəmiyyət daşıyır. 30-35 ildən sonra belə itkinlərin müəyyənləşdirilərək şəhid kimi dəfn olunması isə göstərir ki, zaman keçməsinə baxmayaraq, onların taleyinin araşdırılması və ailələrinə çatdırılması Azərbaycanın əsas məqsədlərindən biridir. 

Tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bu məsələnin kifayət qədər həssas və vacib olduğunu bildirib. Onun sözlərinə görə erməni tərəfinin kütləvi məzarlıqların koordinatlarının açıqlanmasına və ümumiyyətlə, bu mövzuda danışmağa çox ehtiyatla yanaşmasının ciddi səbəblərindən biri, bəlkə də birincisi, ondan ibarətdir ki, hər hansı tərəf kütləvi məzarlığın yerini göstərirsə, dolayısı ilə həmin hadisələrlə bağlı məsuliyyət daşıdığını etiraf etmiş kimi qəbul oluna bilər:

“Kütləvi məzarlıq müharibə cinayətləri kateqoriyasına aiddir və ciddi hüquqi nəticələr doğura bilər. Ona görə də bu mövzuda durğunluq hiss olunur. Heç kəs bildiyini deməyə cürət eləmir, çünki bu müharibə cinayətlərində iştirakını təsdiq eləmiş olur. Bu baxımdan, anonimliyin qorunması olduqca vacibdir. Mənim bildiyim qədər, artıq Azərbaycan dövlət strukturları və bu məsələ ilə məşğul olan komissiya tərəfindən anonim məlumatların təqdim edilməsi üçün xüsusi xətt də yaradılıb. Belə məlumatı olan şəxslərin təhlükəsiz şəkildə müraciət edə bilməsi mühüm məsələdir. Bununla yanaşı, hesab edirəm ki, bu istiqamətdə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı daha effektiv nəticələr verə bilər. Niyə? Çünki proses yalnız Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə məhdudlaşmamalıdır. Azərbaycan və Ermənistanla yanaşı, mən xüsusilə Gürcüstan nümayəndələrinin də bu prosesə cəlb olunmasını istərdim.

Məsələn, hansısa erməni keçmiş döyüşçüsü Azərbaycan vətəndaş cəmiyyəti nümayəndəsinə müəyyən faktları deməkdən çəkinə bilər. Amma həmin məlumatı erməni vətəndaş cəmiyyəti nümayəndəsinə və ya Gürcüstan vətəndaş cəmiyyəti nümayəndəsinə daha rahat şəkildə çatdıra bilər. Bu baxımdan, üçtərəfli vətəndaş cəmiyyəti layihələrinin həyata keçirilməsi gələcəkdə bu sahədə müəyyən irəliləyişlərin əldə olunmasına kömək edə bilər”.

A. Quliyev qeyd edib ki, təxminən 4 min azərbaycanlının taleyinin hələ də qaranlıq qalması, ən azı 4 min insanın ailəsinin bu gün də öz yaxınlarından xəbər gözləməsi deməkdir. Bu, çox ağır müharibənin ağır mirasıdır:

“Bu mirasdan və bu yükdən xilas olmaq lazımdır. Lakin bunu etmək, təbii ki, asan deyil. Çox çətindir. Ona görə deyirəm ki, bu istiqamətdə vətəndaş cəmiyyətinin fəaliyyəti effektiv ola bilər. Xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə üçtərəfli layihələrin həyata keçirilməsi həqiqətlərin üzə çıxarılmasına və itkin insanların taleyinin müəyyənləşdirilməsinə mühüm töhfə verə bilər”.