ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova

  • “Tramp İranı hərbi yolla məğlub edə bilmədi, indi sanksiyalara əl atır”

ABŞ-İran qarşıdurması fonunda tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqda davam edir. Diplomatik təmaslar və danışıqlar aparılsa da, münaqişənin həlli istiqamətində hələlik konkret nəticələr əldə olunmayıb. Vaşinqtonun hərbi və diplomatik vasitələrlə yanaşı, sanksiya siyasətinə də üstünlük verməsi, İsrailin prosesə yanaşması və İranın qarşı tələbləri bölgədə vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Bu şəraitdə ABŞ-İran münasibətlərinin gələcək inkişafı və sülh danışıqlarının perspektivi əsas müzakirə mövzularından birinə çevrilib.

Rusiyalı politoloq Darya Qrevtsova Sherg.az-a ABŞ-İran münasibətlərini şərh edib:

"Hələlik tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır. Vəziyyət mürəkkəb olaraq qalır. Danışıqlar gedir, lakin sülhə gedən yol uzundur. İsrail məhz bu sülh prosesini ləngidən şahin rolunu oynaya bilər.

Hazırda Hörmüz boğazı bağlanıb. İran bunu ABŞ-yə öz tələblərini irəli sürmək üçün bilərəkdən edir.

Birincisi, ABŞ İrana qarşı bütün zərbələri dayandırmalı və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldırmalıdır. Həmçinin ABŞ 1980-ci illərdə dondurulmuş İranın bütün pullarını Tehrana geri qaytarmalıdır. Müvafiq olaraq, İsrail Qəzza və Livanda bütün hərbi əməliyyatları dayandırmalıdır. Amma aydındır ki, Tramp bu tələbləri yerinə yetirə bilməz.

Çünki, birincisi, İsrail kimi bir ölkə var və o, hərbi əməliyyatların dayandırılmasını tələb edir. HƏMAS tamamilə tərksilah olmalıdır. Amma o, ümumiyyətlə tərksilah olmayacaq, heç buna hazırlaşmır.

ABŞ isə bütün bunlara cavab olaraq İrana qarşı sanksiyalar tətbiq edəcəyini vəd edir. Bu, demək olar ki, ABŞ-nin yeni strategiyasıdır.

Çünki Vaşinqton hərbi yolla bu münaqişəni həll etməyə və öz məqsədinə çatmağa nail ola bilmir". 

Politoloq İranı qorxutmağın da mümkün olmadığını deyib:

"Müvafiq olaraq, MDB liderləri ilə o cümlədən İlham Əliyevlə və son vaxtlar aparılan danışıqlardan sonra Tramp strategiyasını dəyişdi.

Lakin indi isə o nə hərbi əməliyyatlar, nə də hər hansı sülh danışıqları istəyir.

Çünki bunlar, prinsip etibarilə, heç bir nəticəyə gətirib çıxarmır. Tərəflər bir şeyi deyir, amma əməldə tamamilə başqa cür davranırlar.

Buna görə də Tramp sanksiyalar tətbiq etmək qərarına gəlir. Söz verir ki, bu “super sanksiyaları” çox yaxın zamanda tətbiq edəcək.

Əlbəttə, hamı böyük maraqla gözləyir ki, sanksiyaları Rusiyaya qarşı tətbiq edilənlərdən daha da sərtləşdirmək mümkün olacaqmı. Bununla əlaqədar olaraq, ABŞ-nin yeni strategiyası nəticə verə də bilər, verməyə də bilər.

Hazırda ABŞ və İran arasında sülhdən danışmaq kifayət qədər çətindir. Çünki məhz bu sülhə imkan verməmək üçün bütün mümkün vasitələrdən istifadə olunur".

Mütəxəssis İsrailin sülh sazişinə skeptik yanaşdığını söyləyib: 

"Baş nazir Netanyahu 2026-cı ilin iyulunda Vaşinqtona səfəri zamanı Trampı diplomatiyaya etibar etməməyə və İrana təzyiqi gücləndirməyə çağırıb.

Lakin onların arasında fikir ayrılıqları yaranıb. Bundan sonra mediada bunun çətin və uzun söhbət olduğu, görüşdən sonra isə İsrail baş nazirinin Trampın mövqeyi ilə öz mövqeyinin üst-üstə düşməməsindən qəzəbləndiyi barədə məlumatlar yayılıb. 

Tramp danışıqlara daha çox üstünlük verir.

İsrail isə ümumiyyətlə, diplomatiyanın tamamilə uğursuz olması halında dəniz blokadasının gücləndirilməsi və hərbi zərbələrin yenidən başlanması planını irəli sürür. Buna görə də İsrail sazişin əsas daxili əleyhdarlarından biridir".

Ekspert İsrailin ABŞ-yə təziq göstərdiyini qeyd edib:

"İsrail, ABŞ-yə təzyiq göstərir ki, Ağ ev öz mövqeyini sərtləşdirsin. Amma gördüyümüz kimi, sanksiyalarla bağlı yeni strategiya İrana qarşı ilk dəfə tətbiq olunmur.

İran bu sanksiyalara da davam gətirib. Böyük ehtimalla, indi də bu sanksiyaların təzyiqi altında dayanacaq. Çünki amerikalıların daha nələr düşünə biləcəyi hələ məlum deyil.

Amma böyük ehtimalla bu, İranın gücünü sarsıdacaq bir şey olmayacaq. Buna görə də hələlik Hörmüz boğazının blokadası davam edəcək. Sülh sazişinin yaxın zamanda əldə olunması da çətin görünür".