Roma Statunu intihara bərabər güləşdir
Rusiya nə qədər ki dövlət kimi ayaqdadır, Ermənistanın ondan qəti şəkildə uzaqlaşması mümkün deyil
Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanı Cənubi Qafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mənasında itirmək mümkün deyil. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Rusiyadan uzaqlaşa biləcəyi ilə bağlı suala cavabında deyib. Lavrov vurğulayıb ki, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərdən qaçırmaq olmaz: "Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyir və bunu birbaşa deyirlər”.
XİN başçısı əlavə edib ki, N.Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək edəcək tərəfdaşlar dairəsinin genişləndirilməsi məsələsini də gündəmə gətirib. Bu arada Ermənistan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası "Roma statusunun ratifikasiyası haqqında" qanun layihəsini qəbul edib. Komissiyanın sədr müavini Arusyak Culakyan bildirib ki, "Roma statusunun ratifikasiyası haqqında" qanun layihəsi baxılması üçün parlamentin gündəliyinə salınacaq: “Komissiyanın iclasında iştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs veriblər”. Həmçinin əlavə olunub ki, komissiyanın iclasında müxalifət nümayəndələri iştirak etməyib. Digər məlumata görə, İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib. Ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan qeyd edib ki, bu, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunması halında, Rusiyanın qorxularını dağıtmağa imkan verəcək: "Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Həmkarlarımızın reaksiyasını gözləyirik".
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya ətrafına qarşı öz böyüklüyünə yaraşır şəkildə siyasət yürütməsə, ondan uzaqlaşanların sayı daha da artacaq. Hətta ən zəif ölkə olan Ermənistan belə bu istiqamətdə addımlar atır: "Rusiyanın maraqları əgər ölkələrin suverenliyinə təhlükə yaradırsa, onda hansı haqla Rusiya bunda ölkələri günahlandıra bilər? Ermənistan Rusiyadan təhlükəsizlik qarantiyası gözləyəndə bunu qəbul etməli idi ki, bu qarantiya qonşu dövlətin torpaqlarını işğal zamanı işə yaramayacaq. Heç bir dövlət işğal edilmiş əraziləri əlində saxlamaq üçün başqa dövlətə qarantiya verib deyə, onun yerinə döyüşməyəcək. Ermənistan da bunun cəzasını çəkir.
Ermənistanın Rusiya ilə gərginliyi getdikcə artırması fonunda baş verəcək hadisələr təbii ki, Ermənistan üçün yaxşı nəticələnməyəcək. Bu dəfə də Qərb gəlib onun yerinə Rusiya ilə döyüşməyəcək. Rusiyanın Ukrayna ilə rəftarı əyani olaraq göz önündədir. Rusiya nə qədər ki, dövlət kimi ayaqdadır, ondan qəti şəkildə uzaqlaşmaq mümkün deyil. Şərt deyil ki, hansısa ölkə Rusiyadan üz döndərib Qərbə gedəcək. Məsələ qonşu kimi bütün əlaqələrin kəsilməsinin mümkünsüzlüyüdür. Bu isə yenə qarşılıqlı münasibət deməkdir. Paşinyan Roma Statunu qəbul etdirməklə Moskvadan uzaqlaşmaq istədiyini göstərmək istəyir. Amma bunu Putinlə əlaqələndirmək istəmir. Görünən odur ki, Paşinyan da qəbul edir ki, Rusiyadan asanlıqla uzaqlaşmaq olmaz. Amma çətinliklə də olmaz. İki ölkənin çəkisi bir döşəkdə güləşməyə uyğun deyil. Bu, intihara bərabər güləşdir".