Tramp İrana yeni zərbələrlə bağlı qərarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi zərbələrin bərpası ilə bağlı qərar verməyə tələsmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri “Axios” nəşrinə müsahibəsində danışıb.

“Biz bu və ya digər şəkildə nəsə edəcəyik, amma heç bir tələskənlik yoxdur. Biz onların iqtisadiyyatını iflic etmişik. Onların nə pulu, nə benzini var, xalqı isə bu vəziyyətdən bezib”, – Tramp bildirib.

ABŞ Prezidenti Tehranla danışıqların davam etdiyini və prosesin müsbət istiqamətdə irəlilədiyini vurğulayıb.

“Biz onlarla danışırıq, hər şey yaxşı gedir. Lakin İran tərəfi gözlənildiyi qədər tələsmir. Bununla belə, onlar indi razılaşma əldə etməyi əvvəlkindən daha çox istəyirlər”, – deyə Tramp əlavə edib.

“Axios” daha əvvəl məlumat yayıb ki, Tramp administrasiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqtonla Tehran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma əldə edilsə də, iyulun 8-də ABŞ İrana genişmiqyaslı zərbələri bərpa edib.

Bundan sonra Vaşinqton hərbi təzyiqi azaltmaqla İrana qarşı iqtisadi sanksiyaları gücləndirməyə üstünlük verib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə noyabrın 2-də bildirib ki, Doha və İslamabad vasitəsilə ABŞ ilə intensiv məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, danışıqların nəticəsi Vaşinqtonun siyasi iradəsindən asılıdır.