Ankaranın tezisi təsdiqlənir: “Problem kürdlər deyil, PKK-dır” - GENERAL

Suriya Silahlı Qüvvələrinin Operativ Komandanlığı “Suriya Demokratik Qüvvələri”nə müraciət edərək, Suriya ordusuna qoşulmağa çağırıb.

SANA agentliyinin yaydığı məlumata görə komandanlıq silahlıları təşəbbüs göstərməyə və SDQ-nin tərkibindən çıxmağa çağırıb.

“Mənsubiyyətindən asılı olmayaraq SDQ-nin tərkibində olan bütün suriyalılara - kürdlər və ərəblərə bu təşkilatdan ayrılmaq və Suriya Ərəb Ordusunun ən yaxın postuna müraciət etməklə, onun sıralarını tərk etmək üçün qapının açıq olduğunu elan edirik”, - bəyanatda bildirilir.

Həmçinin bəyanatda vurğulanır ki, PKK terror təşkilatının silahlıları və keçmiş hakimiyyətin tərəfdarlarının qalıqlarının mövcudluğu Suriyanın təhlükəsizliyi üçün problem yaradır.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a deyib ki, bu çağırış klassik “təslim ol” elanından çox, seçici inteqrasiya təklifidir:

“Yəni mesaj budur: “Yerli döyüşçülər üçün qapı açıqdır, ideoloji və xarici bağlılıq isə bağlanmalıdır.” Bu, mərkəzi dövlətin legitimlik bərpası cəhdidir və eyni zamanda ABŞ himayəsinin zəiflədiyi bir məqamda verilir. Suriya Demokratik Qüvvələri Suriya ordusuna qoşulacaqmı? Tam və kollektiv şəkildə xeyr.Amma qismən və mərhələli keçid ola bilər. Bu baş verərsə, Suriya daxilində mərkəzi hakimiyyət güclənər və PKK xəttinin legitim zəmində sıxışdırılar. Bu çağırış Ankaranın uzun illərdir dediyi tezisi təsdiqləyir:

“Problem kürdlər deyil, PKK-dır.”

Hesab edirəm ki, bu bəyanat “son şans” mesajıdır. Suriya bununla “ya Suriya dövlətinə qayıdırsınız, ya da dövlət sizi təhlükə kimi rəsmən tanıyır” deyir.

Hesab edirəm ki, qısa müddətdə tam inteqrasiya yox, amma orta müddətdə SDQ-nin tədricən boşalması və PKK xəttinin təcridi ən real ssenaridir. Bu isə həm Suriyanın ərazi bütövlüyü, həm də Türkiyənin təhlükəsizlik maraqları baxımından əhəmiyyətli dönüş nöqtəsi ola bilər”.