Anklavların taleyi danışıqlar masasında həll olunmalıdır, güzəşt qaçılmazdır - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdğını növbəti dəfə bəyan edib. Baş nazir Ermənistan parlamentində çıxışı zamanı deyib ki, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə daxil deyil.

Baş nazir Azərbaycana məxsus bu anklavların Ermənistanın 29 743 kvadrat kilometr ərazisinə daxil olmadığını bildirib. Nikol Paşinyan müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın məsələ ilə əlaqədar iddialarını da cavab verib: “Bu kimi məsələlər sərhədlərin delimitasiyası çərçivəsində həll ediləcək. Elə buna görə Kərkidən danışıram. Ona görə yox ki, mən Azərbaycan tərəfdarıyam, ona görə ki, bu gün sülhün hüquqi əsasını təşkil edən xəritələr şübhə altına alınsa, hamı hər şeyi şübhə altına almağa başlayacaq”. Xatırladaq ki, N.Paşinyan Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan ərazisi olmadığını bundan əvvəl də bəyan etmişdi. Bununla belə, Ermənistan Baş nazirinin adını çəkmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər daxilindədir.

Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri Asəf Quliyev Sherg.az-a bildirdi ki, anklavlar çox ciddi məsələdir. Həm siyasi-hüquqi, həm də mənəvi baxımdan: 

- Bu yaxınlarda mən Qazax rayonunda oldum, anklav kəndlərin sakinləri ilə görüşdüm. Onların məsələyə münasibətləri birmənalıdır. Onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Amma iki dövlət arasında olan münasibətlərin gələcəkdə necə inkişaf edəcəyi və anklavların taleyi yəqin ki danışıqlar masasında həll olunacaq. Bununla yanaşı burada eyni zamanda burada incə bir məqam da var. Əgər ərazilər dəyişdilriləsi olsa, Azərbaycanın Ermənistanın ərazisindəki anklavları var, Ermənistanın da Azərbaycan ərazisində anklavı var; Gədəbəy rayonunun Başkənd kəndi. Həm də ərazilərin dəyişdirilməsi məsələsi gündəmə gələrsə, sözsüz ki bu, Referendumla həll olunmalıdır. Çünki hansısa bir ərazinin hansısa dövlətə verilməsi ancaq Referendumla həll olunur. Bu, məsələnin hüquqi tərəfidir. Siyasi baxımdan danışıqlar hansı mərhələdədir, bunu demək çətindir. Mənəvi tərəfi isə zatən bəllidir. Ona görə də birmənalı şəkildə nəsə demək çətindir. Əgər hər iki tərəf sülh gündəmini davam etdirmək istəyirsə kompromiss tapılmalıdır. Yəni qarşılıqlı güzəşt oluna bilər.