Araqçinin Bakı səfəri təsadüfi deyil - RƏY

Nəhəng enerji və nəqliyyat layihələri İranı xilas edəcək

İran-Azərbaycan münasibətlərində yeni dövr başlayır

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri Seyid Abbas Araqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərləri, eləcə də digər yüksəksəviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyinin xeyli zəngin olmasını göstərir.

Qeyd olunub ki, ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. S.Qafarova İrana səfəri zamanı keçirilən görüşlərin parlamentlərimiz arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib. Milli Məclisin sədri həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub. İranın xarici işlər naziri Seyid Abbas Araqçi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirib. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşərək, görüşün səmimi və konstruktiv mühitdə keçirildiyini qeyd edib. O, yüksəksəviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək, iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, Azərbaycana səfər etmiş İranın xarici işlər naziri S.A.Araqçi dövlət başçısı İlham Əliyev tərəfindən də qəbul edilib. Nazir həmkarı Ceyhun Bayramovla da görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. 

Millət vəkili Rizvan Nəbiyev "Şərq"ə açıqlamasında deyib ki, İran xarici işlər naziri Seyid Abbas Araqçinin Azərbaycana səfərinə və Bakıda keçirdiyi görüşlərə Bakı-Tehran arasında intensivləşən münasibətlər kontekstində yanaşmalıyıq. Deputatın sözlərinə görə, il ərzində İranın Prezidenti Məsud Pezeşkian iki dəfə Azərbaycana səfər edib: "Araqçi peşəkar diplomatdır, uzun müddət xarici işlər nazirinin müavini kimi çalışıb, regionu yaxşı tanıyır və hətta bir müddət Azərbaycanla münasibətləri də o kurasiya edib. Bu mənada Araqçinin Azərbaycana səfəri və Pezeşkianın nümayəndə heyətinin tərkibində yer alması iki ölkə arasında intensivləşən dialoqu göstərir. Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın İran-Azərbaycan münasibətlərində də özünü göstərməsində maraqlıyıq. Bir faktı vurğulayım. Torpaqlarımız işğal altında olanda dövlət sərhədimizin 132 kilometri işğal altında idi və biz faktiki orada öz yurisdiksiyamızı həyata keçirə bilmirdik. Qonşu dövlətlərdən yalnız İranla sərhədlərimiz tam şəkildə delimitasiya və demarkasiya olunmuşdu ki, bu da sovet dövründən qalmış məsələydi. 132 km.lik sərhədin yenidən Azərbaycanın nəzarətinə keçməsi iqtisadi, ticarət və nəqliyyat sahəsində münasibətlərin intensivləşməsinə yol açdı. Əhmədbəylidən Ağbəndə çəkilən avtomobil yolu, Horadizdən keçən dəmiryolu, hidroqovşaqlar, elektrik stansiyaları tam olaraq bizim nəzarətimizdədir. İranın şimal hissəsi isə həm elektrik, həm də su qıtlığından əziyyət çəkir. Azərbaycanın dəstəyi ilə tikilmiş bu nəhəng layihələr ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərə bilər". 

Parlament üzvü ikitərəfli əlaqələrdə nəqliyyat sahəsini xüsusi vurğulayıb: "Şimal-Cənub Nəqliyyat Dəhlizi, eyni zamanda Şərq-Qərb Nəqliyyat Dəhlizində yer alacaq Zəngəzur dəhlizi, Ağbənd-Kəlalə avtomobil yolunun istifadəyə verilməsi İran-Azərbaycan münasibətlərinin normallaşmasına, inkişafına müsbət təsir göstərəcək. Ağbənd-Kəlalə avtomobil yolu ilə il ərzində 15 mindən çox insanın, mindən artıq avtomobilin keçməsi nəzərdə tutulur. Bu da regional əlaqələr üçün önəmlidir. İranla ticarət dövriyyəmiz ötən il 650 milyon dollar olub və heç də kiçik rəqəm deyil. Nəzərə alaq ki, bizdə hələ siyasi münasibətlərin dominantlığı yox, iqtisadi münasibətlərin, nəqliyyat məsələlərinin müzakirəsi həlledici məsələdir".

Qalereya