Azərbaycan böyük güclər arasında AÇAR ÖLKƏYƏ çevrilib - Tural Gəncəliyev

  • “ŞƏT-in Avropaya çıxışının yeganə təhlükəsiz yolu Azərbaycandır”

Prezident İlham Əliyevin Qırğızıstana, Bişkekə səfəri həm Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyi çərçivəsində keçirilən mühüm beynəlxalq tədbir, həm də Azərbaycan–Qırğızıstan münasibətlərinin son dövrdə qazandığı strateji məzmun baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasəti fonunda ŞƏT+ formatında iştirak Bakı üçün Avrasiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik əməkdaşlığını daha da genişləndirmək imkanı yaradır. Eyni zamanda, səfər Azərbaycan–Qırğızıstan münasibətlərində müttəfiqlik mərhələsinin möhkəmləndirilməsi və Türk dünyası daxilində əlaqələrin dərinləşdirilməsi baxımından da diqqət çəkir. Bişkekdə keçirilən görüşlər Azərbaycanın həm Şərq, həm də Qərblə əməkdaşlığı paralel şəkildə inkişaf etdirən xarici siyasət kursunun növbəti mühüm nümayişi kimi qiymətləndirilə bilər.

Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a bildirib ki, Azərbaycanın və ya Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci yubiley sammitinə dəvət olunması ölkəmiz üçün yeni geosiyasi aspektdən mühüm əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, sammitin Azərbaycanın yaxın və dost ölkəsi, eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvü və Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri olan Qırğızıstanda keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, ŞƏT həm əhatə etdiyi coğrafiyaya, həm də demoqrafik potensialına görə dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir.

T.Gəncəliyev Azərbaycanın bu platformaya dəvət olunmasını ölkəmizə və Prezident İlham Əliyevə verilən yüksək qiymətin göstəricisi hesab edir: “Azərbaycanın Prezidentinin ŞƏT-in sammitində iştirakı ölkəmizin böyük Avrasiya məkanında, Türk dünyasında və Cənub-Şərqi Asiyanı əhatə edən geniş coğrafiyada artan rolunun göstəricisidir. Bu, eyni zamanda Azərbaycanın mühüm güc mərkəzləri arasında yerləşən və müxtəlif regionları birləşdirən ölkə kimi əhəmiyyətinin qəbul edildiyini göstərir”.

Deputat vurğulayıb ki, Azərbaycanın geostrateji mövqeyi ŞƏT məkanından Qərbə və Avropaya çıxış baxımından ölkəmizə xüsusi üstünlük qazandırır:

“Azərbaycan həm siyasi sabitliyi, həm də inkişaf etmiş nəqliyyat-kommunikasiya imkanları ilə böyük Avrasiya məkanı ilə Avropanı birləşdirən mühüm tranzit qovşağıdır. Şərqdən Qərbə uzanan əsas nəqliyyat və kommunikasiya xətlərinin üzərində yerləşən Azərbaycan ŞƏT məkanının Avropaya çıxışı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan ŞƏT ölkələrinin Avropa istiqamətində daha etibarlı və sabit bağlantılar qurması üçün Azərbaycanın mövqeyi mühüm əhəmiyyət kəsb edir. Böyük Avrasiya ilə böyük Cənub-Şərqi Asiya coğrafiyası ilə Avropanı birləşdirən, Şərqdən Qərbə gedən bütün əsas transport-kommunikasiya xətlərinin üzərində duran və bu coğrafiyanın Şanxay Əməkdaşlıq Təşkilatının Avropaya çıxışının yeganə stabil, yeganə təhlükəsiz yolu məhz Azərbaycan üzərindən keçməklə mümkündür”. 

Gəncəliyev həmçinin bildirib ki, məsələyə daha geniş coğrafi prizmadan yanaşdıqda ŞƏT-in əhəmiyyəti daha aydın görünür. Onun sözlərinə görə, Sakit okean hövzəsindən başlayaraq böyük Avrasiya məkanı, Qafqaz və Xəzər hövzəsi üzərindən Qara dəniz, Aralıq dənizi və Avropaya qədər uzanan geniş coğrafiyada nəqliyyat və kommunikasiya əlaqələrinin qurulması baxımından Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır:

“Bu geniş coğrafiyada ŞƏT mühüm güc və əməkdaşlıq platformalarından biridir. Sakit okeanla Avropanı birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin Qafqaz və Xəzər hövzəsi üzərindən keçməsi Azərbaycanın bu prosesdə strateji rolunu daha da artırır. Xüsusilə Xəzər hövzəsinin və Cənubi Qafqazın əsas açar ölkələrindən biri olan Azərbaycanın mövqeyi ŞƏT məkanının Qərbə çıxışı baxımından mühüm əhəmiyyət kəsb edir. Şanxay Əməkdaşlıq Təşkilatı hazırda dünyanın milyardlarla insanı əhatə edən ən böyük beynəlxalq platformalarından biridir. Hindistan və Çinlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Pakistan kimi mühüm dövlətlərin də təmsil olunduğu təşkilatın Avrasiyanın siyasi və iqtisadi xəritəsində xüsusi çəkisi var. Azərbaycanın növbəti dəfə ŞƏT-in sammitinə dəvət olunması da təsadüfi deyil. Bu dəvət Azərbaycanın böyük Avrasiya coğrafiyasında, Sakit okean hövzəsindən Qərbə qədər uzanan məkanda ŞƏT üçün dəyərli və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir”.

Deputat vurğulayıb ki, Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız onun əlverişli coğrafi mövqeyi və nəqliyyat-kommunikasiya imkanları ilə məhdudlaşmır. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın regional və beynəlxalq müstəvidə yeni geosiyasi güc kimi mövqeyi daha aydın şəkildə ortaya çıxıb: “Azərbaycanın beynəlxalq çəkisini müəyyən edən əsas amillər sırasında onun həyata keçirdiyi müstəqil siyasət, qərarvermə qabiliyyəti və Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri xüsusi yer tutur. Məhz bu amillər Azərbaycanın ŞƏT üçün dəyərli tərəfdaşa çevrilməsinə və təşkilatın fəaliyyətinə əlavə siyasi və geosiyasi dəyər qatmasına imkan verir. Bu günləri biz nəyi görürük? Görürük ki, hazırkı mərhələdə beynəlxalq təşkilatların dünya siyasətindəki çəkisi və effektivliyi ilə bağlı yeni mənzərə formalaşır. Daha çox populizmin və müəyyən mənada ittifaqçılıq, müttəfiqlik elementlərinin zəif olduğu Avropa İttifaqı və Avropa Şurası kimi institutlardan fərqli olaraq, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar təmsil etdikləri geniş coğrafiyada getdikcə daha fəal rol oynayırlar. Avropa istiqamətində fəaliyyət göstərən bəzi beynəlxalq institutların yeritdiyi yararsız siyasət isə onların nüfuzuna mənfi təsir göstərir və qlobal siyasətdə əvvəlki rolunu zəiflədir. Dünyada güc balansının dəyişməsi fonunda daha çevik, qarşılıqlı maraqlara və real əməkdaşlığa əsaslanan təşkilatların əhəmiyyəti artır”.

Qırğızıstanın qardaş ölkə olduğunu vurğulayan deputat qeyd edib ki, bu ölkənin Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci yubiley sammitinə ev sahibliyi etməsi təqdirəlayiqdir. Onun fikrincə Qırğızıstanın çoxvektorlu diplomatiya istiqamətində müəyyən mənada Azərbaycanın yaxın keçmişdə keçdiyi yolu keçdiyini də söyləmək olar: “Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi də bunun göstəricilərindən biridir. Xatırlayırsınızsa, Azərbaycan 2012-ci ildə keçirilən seçkilərin nəticələrinə əsasən 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Sonrakı dövrdə Azərbaycanın çoxvektorlu beynəlxalq diplomatiya və siyasət yürütməsi ölkəmizin gücünün və nüfuzunun artmasına mühüm təsir göstərdi. Nəhayət, 2020-ci ildə Vətən müharibəsində qələbəmiz, 2023-cü ildə isə bu nəticələrin möhkəmləndirilməsi regionda yeni reallığın və yeni güc mərkəzinin formalaşmasına gətirib çıxardı. Bu gün isə Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformanın Azərbaycanın rolunu və əhəmiyyətini yüksək qiymətləndirməsinin şahidi oluruq. Azərbaycan öz imkanları və həyata keçirdiyi siyasətlə bu platformaya da əlavə dəyər qazandırır.

Eyni zamanda, Qırğızıstanın nisbətən kiçik coğrafiyasına və demoqrafik potensialına baxmayaraq, çoxvektorlu diplomatiya yürütməsi müəyyən mənada Azərbaycanın yaxın keçmişdə keçdiyi yolu xatırladır. Bütün bunlar Türk dünyasının inkişafı və güclənməsi, ŞƏT çərçivəsində və bütövlükdə Böyük Avrasiya məkanında gedən proseslərin əhəmiyyətinin artması baxımından diqqətəlayiqdir.

Hazırda Böyük Avrasiya məkanının dünyanın yeni güc mərkəzlərindən birinə çevrildiyi müşahidə olunur. Bu prosesdə Azərbaycanın da həm təşkilat daxilində, həm də bütövlükdə regionda xüsusi rolu və əhəmiyyəti var”.