- “Məkkə Paktı Azərbaycan üçün də mühüm təhlükəsizlik qalxanıdır”
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə XİN-in X hesabında paylaşım edilib.
Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında siyasi, diplomatik, iqtisadi, müdafiə və digər sahələrdə əməkdaşlıq son illərdə daha da intensivləşib. Eyni zamanda, Pakistanın regional sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi diplomatik təşəbbüslər də diqqət mərkəzində qalmaqda davam edir.
Mövzu ilə bağlı London Universitetinin Hüquq və İctimai Siyasət üzrə Bilik və İctimai Siyasət Mərkəzinin icraçı direktoru Zülkafil Həsən Xan Sherg.az-a Azərbaycan-Pakistan münasibətlərindən və Pakistanın dünyada artan rolundan danışıb:
"Azərbaycan və Pakistan strateji tərəfdaş və əsrlərdir çoxsaylı oxşarlıqları paylaşan qardaş ölkələrdir. Hər iki ölkənin və onların rəhbərliyinin bu ortaq cəhətləri ticarət karvanlarına, bizneslərə, investisiyalara, birgə müəssisələrə, keyfiyyətli sənayeləşməyə, enerji və ərzaq təhlükəsizliyinə və nəhayət, insanlararası əlaqələrə və turizmin inkişafına səylər göstərməsi yaxşı əlamətdir.
Son illərdə diplomatik və siyasi yüksək səviyyəli təmasların tempi daha da sürətlənib. Bu, hökumətlər və özəl şirkətlər arasında sosial-iqtisadi əməkdaşlığın, maliyyə inteqrasiyasının, regionlararası bağlantının və nəhayət, rəqəmsallaşma və İKT sahəsində əməkdaşlığın həcmini və sürətini daha da artırıb.
Analitik baxımdan, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər əsrlərlə yaşı olan tarixə malikdir. Sadəcə diplomatik jestlərdən kənara çıxaraq, münasibətlər konkret çoxşaxəli strateji sazişlər, genişlənən bağlantı layihələri və müdafiə əməkdaşlığı ilə möhkəmlənib. Bu institusional irəliləyiş 2021-2026-cı illər ərzində ticarət, müdafiə, investisiya, təhsil və mədəni əməkdaşlığa dair imzalanmış, demək olar ki, 40 ikitərəfli sazişlə daha da möhkəmlənib".
Analitik vurğulayıb ki, regionda və onun hüdudlarından kənarda yaranan və sürətlə dəyişən geosiyasi vəziyyət Pakistanın regional geosiyasi və geostrateji rolunu təsdiqləyir:
"Bu vəziyyət Pakistan və onun iqtisadiyyatı üçün çoxsaylı iqtisadi, biznes, hərbi tərəfdaşlıqların və dəniz ticarətinin inkişafını təşviq edir.
Pakistan hökuməti və feldmarşal Seyid Asim Munir diplomatiyanın və diplomatik təmasların ənənəvi yanaşmalarını, baxışlarını geridə qoyublar. Feldmarşal Asim Munir ABŞ və İran arasında Ərəb körfəzində davam edən gərginliyin azaldılmasına yönəlmiş, məqsədyönlü, mənalı və konstruktiv xarakter daşıyan yeni, üzbəüz, Track-II diplomatiya üslubunu tətbiq edib.
Sülhün bərpası, Hörmüz boğazının açılması və Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası (GCC) ilə davamlı əlaqələrin saxlanılması müharibə alovunun Yaxın Şərqdə və Asiyada daha genişmiqyaslı münaqişəyə çevrilməsi riskini əhəmiyyətli dərəcədə azaldıb.
Pakistanın bu rolu regionda və dünyada arzu olunan sülh, sabitlik və harmoniyaya nail olmaq məqsədi daşıyan iştirakçı roldur".
Ekspert bu yaxınlarda yekunlaşmış Məkkə Paktını tarixi, konstruktiv və mənalı hesab edir və onu Körfəzdə və daha geniş Yaxın Şərqdə təhlükəsizliyin qorunması üçün zəruri təhlükəsizlik qalxanı kimi dəyərləndirib:
"Bu pakt Pakistan və Türkiyənin strateji tərəfdaşı olan Azərbaycan üçün də dəstəkləyici xarakter daşıyacaq.
Pakistan-Azərbaycan ikitərəfli münasibətləri Cənubi Qafqazda və Yaxın Şərqdə regional sülh və sabitliyin təminatçısıdır. Ümid edirəm ki, bu iki ölkə arasında hərbi əməkdaşlıq və enerji təhlükəsizliyi daha da güclənəcək".