Azərbaycanın xarici siyasətində türk dünyası və İslam ölkələri ilə münasibətlər mühüm istiqamətlərdən biri kimi diqqət çəkir. Son illərdə bu əlaqələrin siyasi, iqtisadi, nəqliyyat və diplomatik müstəvilərdə inkişaf etdirilməsi Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemindəki rolunu da gündəmə gətirir. Azərbaycanın türk dünyası ilə əməkdaşlığının və İslam ölkələri ilə münasibətlərinin əsas istiqamətləri, eləcə də bu siyasətin regional proseslərə təsiri müzakirə olunan vacib məsələlərdəndir.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a bildirib ki, Azərbaycan da, Türkiyə də türk həmrəyliyinin gücləndirilməsinə böyük töhfə verir:
"Əvvəlcə bunu ifadə etmək lazımdır ki, İlham Əliyevin liderliyindəki Azərbaycanın türk dünyasına və İslami həmrəyliyə verdiyi dəstəyi yalnız tarixi və ya emosional bağlarla izah etmək olmaz.
Çünki Bakı ortaq kimliyi xarici siyasətin konkret vasitələri ilə birləşdirən, son dərəcə realist strategiya həyata keçirir.
Azərbaycan baxımından türk həmrəyliyi təhlükəsizlik, nəqliyyat, iqtisadi inteqrasiya məsələsidirsə, İslam dünyası ilə əməkdaşlıq diplomatik legitimlik və beynəlxalq dəstək əldə etmək vasitəsidir.
Bu səbəbdən Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi və siyasi körpü mövqeyində mühüm statusa malikdir.
Türk Dövlətləri Təşkilatının təməllərinin 2009-cu il Naxçıvan Sazişi ilə atılması da təsadüfi deyil. Bakı türk dünyası ideyasının mədəni bir sözdən institusional əməkdaşlıq modelinə çevrilməsində həlledici rol oynayıb.
Təşkilat da Azərbaycanı qurucu üzvləri arasında göstərir və əsas məqsədini türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi kimi müəyyənləşdirir".
Analitik Azərbaycanın türk dünyasına danılmaz töhvələr verdiyini qeyd edib:
"Türk dünyası baxımından bu gün Azərbaycanın “Türkiyə ilə Mərkəzi Asiya arasındakı siyasi koordinasiyanı gücləndirməsi, Orta Dəhliz və Xəzərdən keçən nəqliyyat layihələrinə strateji dərinlik qazandırması, türk dövlətləri arasında müdafiə, enerji və iqtisadi əməkdaşlığı konkretləşdirməsi” kimi danılmaz töhfələri var.
Xüsusilə Qarabağın yenidən qurulmasında türk dövlətlərinin iştirakı həmrəyliyin simvolik sərhədlərdən kənara çıxdığını göstərir.
Özbəkistanın məktəb, Qazaxıstanın mədəniyyət mərkəzi və Qırğızıstanın təhsil müəssisəsi kimi layihələri öz üzərinə götürməsi türk dünyası kimliyinin gözlə görünən hala gəlməsidir.
Azərbaycan İslam dünyası ilə münasibətlərini xarici siyasətinin mühüm sütunlarından biri hesab edir. Bunun səbəbi yalnız cəmiyyətin müsəlman kimliyi deyil. Bakı İslam Əməkdaşlıq Təşkilatı daxilində həmrəyliyi xüsusilə Qarabağ məsələsində diplomatik dəstək əldə etmək, ərazi bütövlüyü tezisini gücləndirmək və müsəlman ölkələri ilə siyasi-iqtisadi münasibətlərini genişləndirmək strategiyasını qətiyyətlə davam etdirir".
Ekspert vurğukayıb ki, İslam Əməkdaşlıq Təşkilatının uzun illər Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsini bu siyasətin ən mühüm nəticələrindən biri kimi qiymətləndirmək lazımdır:
"Bakının ən mühüm uğuru kimliklər arasında balans yaratmasıdır.
Azərbaycanın xarici siyasətini yalnız “türkçülük” və ya “İslami həmrəylik” üzərindən oxumaq natamam olardı. Bakı eyni zamanda türk, müsəlman, Qafqaz, Xəzər və enerji istehsalçısı dövlət kimliyi ilə hərəkət edir. Bu kimliklərin heç birini digərinin alternativinə çevirmir.
Azərbaycanın şiə əhalisinin çoxluq təşkil etməsinə baxmayaraq sünni müsəlman ölkələrlə yaxın münasibətlər qurması, Türkiyə ilə “iki dövlət, bir millət” anlayışını davam etdirərkən Mərkəzi Asiya dövlətləri ilə institusional inteqrasiyaya yönəlməsi bu praqmatizmin nəticəsidir.
Nəticə etibarilə, Azərbaycanın türk həmrəyliyinə etdiyi ən böyük töhfəni ortaq kimliyi iqtisadi və geosiyasi əlaqəyə çevirməsi kimi oxuya bilərik.
İslami dəyərlərə bağlılığının xarici siyasətdəki qarşılığı isə qarşıdurma yaradan dini ritorika deyil; həmrəylik, suverenlik, humanitar dəstək və qarşılıqlı hörmət əsasında diplomatik birlik axtarışıdır".
Mütəxəsisin fikrincə Bakının strategiyası realistdir:
"Türk dünyası Azərbaycana strateji dərinlik, İslam dünyası diplomatik dəstək, Türkiyə ilə ittifaq isə təhlükəsizlik imkanları təmin edir. Azərbaycan da sahib olduğu enerji resursları, coğrafi mövqeyi, siyasi çəkisi və nəqliyyat xətləri ilə bu iki dünyanın əlaqələndirici mərkəzlərindən birinə çevrilir.
Bunu ifadə etmək lazımdır ki, Azərbaycan türk kimliyini strateji inteqrasiyaya, İslami həmrəyliyi isə diplomatik təsirə çevirən regional aktordur".