Azərbaycan və Pakistan münasibətləri tarixi sınaqdan uğurla çıxıb

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; Dost ölkə dar gündə tanındı
  Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib. Ölkə rəhbəri İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirib. Prezident Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxunub. O, beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib. Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb. Bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd edib. Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğulayıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanla Pakistan arasında mövcud olan ikitərəfli münasibətlər dostluq, qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. İki ölkə arasında münasibətlər öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunur. Pakistan 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü dövlətdir. Pakistan əsl qardaşlıq nümayiş etdirərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımayıb. Azərbaycan da eyni zamanda Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. İki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən otuz il ərzində dinamik inkişaf yolu keçib. İkinci Qarabağ müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək bu münaisbətləri qırılmaz bağlarla möhkəmləndirib. Məhz bu kontekstdə Pakistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana olan münasibət birmənalı olaraq dəyişməz qalır. Bu amil ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana dəstəyini nümayiş etdirib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində hər zaman Pakistana dəstəyini birmənalı olaraq nümayiş etdirib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri ölkələrimiz arasında münasiibətlərin inkişafına olduqca müsbət təsir edib. Ötən dövr ərzində Prezident lham Əliyevin prezidentliyi dövründə də Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları geniş vüsət alıb, xalqlarımız arasında mədəni əlaqələr daha da möhkəmlənib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycanda rəsmi səfərdə olarkən iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib. Liderlərin həm təkbətək, həm də geniştərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın böyük potensialından bəhs edilib. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Ötən il isə pakistanlı 100 tələbə ölkəmizdə təhsil üçün gəlmişdi. Eyni zamanda Pakistanda təhsil alan azərbaycanlılar da var. Həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələrinin genişlənəcəyi şübhəsizdir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Dünyada baş verən mürəkkəb proseslər göz qabağındadır. Vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantına çevrilib. Azərbaycanla Pakistan arasında əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür. İstər ikitərəfli, istərsə də çoxtərəfli məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür. Bu isə iki ölkənin beynəlxalq münaisbətlər sistemində bir-birinin mövqeyini müdafiə etməsi və gələcəyə birgə addımlaması baxımından olduqca mühüm amildir.
  Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a bildirib ki, Azərbaycan-Pakistan arasında münasibətlər yüksək səviyyədədir. Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri Pakistan olub:
"Eyni zamanda həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı Pakistan Azərbaycana böyük dəstək nümayiş etdirib. Əlbəttə, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Pakistan münasibətlərinin inkişafı qarşıda duran əsas hədəflərdən biri olmalıdır. Beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi, qlobal dəyişikliyin getdiyi bir şəraitdə dost ölkələr tapmaq heç də asan məsələ deyil. Azərbaycan və Pakistan münasibətləri tarixi sınaqdan uğurla çıxmış münasibətlərdir və hesab edirəm ki, bu münasibətlər bütün istiqamətlərdə davam etdirilməlidir. Sözsüz, iqtisadi münasibətlərin inkişafı da qarşıda duran əsas hədəflərdəndir. Azərbaycanın əsas iqtisadi partnyorlarından biri Pakistandır. Siyasi əlaqələrlə, diplomatik əlaqələrlə yanaşı, həm də çox uğurlu iqtisadi münasibətlər sistemi də mövcuddur. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycan-Pakistan əlaqələrinə yüksək diqqət göstərib. Bu da təsadüfi deyil. Eləcə də, Pakistan rəhbəri eyni mövqedən çıxış edib. Azərbaycan-Pakistan qloballaşan dünyada isti, prinsipial, sədaqətli münasibətləri ilə bir çox dövlətlərə örnək olmağı bacarıblar".