Bakıda əlçatan şəhər mühiti belə yaradıla bilər - Rauf Ağamirzəyevdən təklif

  • Rauf Ağamirzəyev: “İnsan başlanğıc nöqtəsindən təyinat yerinə maneəsiz çatmalıdır”

İnklüziv şəhər mühitinin yaradılması yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Müasir dövrdə rəqəmsal texnologiyalar şəhərlərin hər kəs üçün əlçatan və rahat olmasında mühüm vasitəyə çevrilir. Xüsusilə, hərəkət məhdudiyyətli şəxslərin, yaşlı insanların, görmə və eşitmə məhdudiyyəti olan vətəndaşların gündəlik həyatda qarşılaşdıqları maneələrin müəyyənləşdirilməsi və aradan qaldırılmasında bu texnologiyaların imkanları genişdir.

Sherg.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev inklüziv mühitin təmin olunmasında müasir rəqəmsal texnologiyaların imkanlarından istifadənin vacibliyini vurğulayıb. Ekspert bildirib ki, bu sahədə Qazaxıstanın Almatı şəhərində tətbiq olunan yanaşma Bakı üçün də nümunə ola bilər. Onun sözlərinə görə, Leica Geosystems şirkətinin 2026-cı ildə təqdim etdiyi layihə əlçatan mühitin qiymətləndirilməsində müasir mühəndislik həllərinin effektivliyini göstərir: “Layihə çərçivəsində metro stansiyasından başlayan piyada marşrutu mobil 3D skaner vasitəsilə qeydə alınır, marşrut üzərindəki kritik nöqtələr isə xüsusi ölçmə cihazları ilə dəqiqləşdirilir. Panduslar, yamaclar, pilləkənlər, qapılar, keçidlər və digər fiziki maneələr müəyyən edilərək marşrutun üçölçülü modeli və maneələrin rəqəmsal xəritəsi hazırlanır. Bu məlumatlar əsasında əlçatanlığın artırılması üçün konkret texniki düzəlişlər planlaşdırılır”.

R.Ağamirzəyev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti, AYNA və Bakı Metropoliteni də bu və ya oxşar texnologiyalardan istifadə edə bilərlər. Onun fikrincə, metro stansiyalarından avtobus dayanacaqlarına, piyada keçidlərinə və sosial obyektlərə qədər vahid marşrutlar üzrə əlçatanlıq auditinin aparılması şəhər infrastrukturundakı problemlərin daha dəqiq müəyyənləşdirilməsinə imkan verər. Ekspertin sözlərinə görə, belə bir sistem fiziki maneələrin koordinatlar üzrə rəqəmsal bazaya daxil edilməsini, təmir və yenidənqurma işlərinin prioritetləşdirilməsini, görülən işlərin nəticələrinin isə təkrar ölçmələrlə yoxlanılmasını təmin edə bilər. Bu, həm qərarların daha dəqiq qəbuluna, həm də maliyyə vəsaitlərindən səmərəli istifadəyə şərait yaradar.

Rauf Ağamirzəyev vurğulayıb ki, inklüziv mühit yalnız ayrı-ayrı pandusların quraşdırılması ilə məhdudlaşmır: “Əsas məqsəd insanın başlanğıc nöqtəsindən təyinat yerinə qədər müstəqil və maneəsiz hərəkət edə bilməsini təmin etməkdir”.