Azərbaycanda əcnəbilər üçün yeni dövr başlayır - Deputat mühüm dəyişiklikləri açıqladı

  • Vaxta və xərclərə ciddi qənaət olacaq, dövlət qurumlarına getməyə ehtiyac azalacaq

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılıb.

Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsi, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.

Millət vəkili Azər Allahverənov Sherg.az-a bu addımın vacib olduğunu söyləyib:

"Miqrasiya Məcəlləsində və digər müvafiq normativ sənədlərə edilən yeni dəyişikliklər, eləcə də dövlət idarəetməsində rəqəmsallaşmanın geniş şəkildə tətbiq olunduğu bir şəraitdə bu addım vaxtında atılmış qərar kimi dəyərləndirilə bilər. Çünki hazırda elektron hökumət portalının imkanları kifayət qədər genişdir. Bu baxımdan əcnəbilərlə bağlı müddəaların da həmin sistemə inteqrasiya olunması, xüsusilə müvəqqəti yaşama icazəsi və digər məsələlərlə bağlı sənədləşmə işlərinin rəqəmsallaşdırılması vasitəsilə həyata keçirilməsi bir neçə aspektdən çox vacib dəyişiklik hesab olunur.

İlk növbədə burada təmasın minimuma endirilməsi nəzərdə tutulur. Yəni xarici ölkə vətəndaşı ilə dövlət qurumu arasında birbaşa təmas minimum səviyyəyə endirilir. Çünki yanaşma daha çox prosedurların elektron platformalar üzərindən həyata keçirilməsini nəzərdə tutur".

Parlamentari müraciətin spesifikasından asılı olaraq bəzi hallarda əcnəbi ilə oflayn rejimdə də təmasın qurulması mümkün olduğunu bildirib:

"Lakin hazırkı dəyişikliklərə əsasən istər dövlət rüsumlarının ödənilməsi, istərsə də müvəqqəti yaşama icazələri və digər məsələlərlə bağlı müraciətlər elektron qaydada təqdim olunur.

Bu prosesdə elektron hökumət informasiya sisteminin elektron kabinetindən geniş şəkildə istifadə edilməsi isə məhz dövlət qurumu ilə əcnəbi arasında birbaşa təmasın minimuma endirilməsinə hesablanıb.

Digər tərəfdən bu, operativlik, şəffaflıq və vaxta qənaət kimi mühüm üstünlükləri özündə birləşdirən yanaşmadır. Əvvəlki qaydalara əsasən hər hansı sənədin təqdim olunması və ya əldə edilməsi daha çox əyani, oflayn qaydada həyata keçirilirdi. Yeni dəyişikliklər nəticəsində bəzi işlərin birbaşa onlayn qaydada icra olunması və bu barədə şəxsin elektron şəkildə məlumatlandırılması həm vaxta, həm də maddi xərclərə qənaət edilməsinə imkan yaradır.

Digər mühüm məqam isə şəffaflıqdır. Aidiyyəti proseslərlə bağlı təhlillərin aparılması, dinamikanın öyrənilməsi, hətta müəyyən proqnozların hazırlanması zamanı məlumatların elektron platformalardan əldə olunaraq təhlil edilməsi kağız daşıyıcılar üzərində aparılan işlərlə müqayisədə daha rahat və səmərəli olur".

Deputat vurğulayıb ki, bu dəyişikliklər həm dövlətin rəqəmsal transformasiya şəraitində rəqəmsal xidmət imkanlarının artırılması baxımından olduqca vacibdir, həm də əcnəbilərin maraqlarına cavab verir:

"Qeyd olunan yeniliklər onların vaxt və maliyyə baxımından qənaət etməsinə şərait yaradır.

İstənilən halda, indiki şəraitdə bu kimi addımların atılması həqiqətən də çox önəmlidir. Bu dəyişikliklər müasir dövrün tələblərinə cavab verir. Nəticə etibarilə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, əcnəbilərin dövlət qurumlarına olan etimadının artmasına, eləcə də onların məmnunluq səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm yeniliklərdir. Azərbaycanın miqrasiya qanunvericiliyi də məhz dövrün tələblərinə uyğun olaraq bu yenilikləri mərhələli şəkildə tətbiq edir".