8 avqust, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanmasından bir il ötür. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma iki ölkə arasında uzun illər davam edən münaqişədən sonra sülh və münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələ oldu. Ötən bir il ərzində sülh gündəliyinin irəliləməsində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət və diplomatik fəaliyyət də diqqət çəkdi. Azərbaycanın mövqeyinin beynəlxalq platformalarda təqdim edilməsi, sülh prosesinin təşviqi və regionda yeni reallıqların formalaşdırılması istiqamətində atılan addımlar prosesin əsas müzakirə mövzularından birinə çevrildi.
Bununla yanaşı, sülh prosesinin tam başa çatması və əldə olunan razılaşmaların praktik olaraq həyata keçirilməsi ilə bağlı müəyyən məsələlər hələ də gündəmdədir.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a son bir ildə Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan nəticələr və regionda formalaşan yeni reallıqların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu söyləyib: 
"Ermənistanın indi sülh məsələsinə köklənməsində də mübahisəli məsələlər var. Yəni, rəsmi İrəvanın bunu nə dərəcədə yerinə yetirməsi də mübahisəli mövzudur.
Amma hər bir halda bu məsələyə yönəlməsi, bu istiqamətdə addımlar atması, atmağa məcbur olması Azərbaycan dövlətinin, onun rəhbəri Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Biz uzun müddət Ermənistanın sülhə dair addım atmasını gözlədik. Bunun üçün ona hər cür şans verdik. Lakin Ermənistan bu məsələləri yalnız danışıqlarla uzadırdı. Paşinyan da hətta hakimiyyətə gələndən sonra Azərbaycan Prezidentinə söz verdi ki, qısa bir müddətdə məsələləri toparlayacaq və danışıqlara başlayacaq. O, atəşkəsə nail olmaq istədiyini söylədi. Paşinyan buna nail oldu, amma əməl etmədi. Daha sonra dərsini aldı.
Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti nəticəsində bugünkü reallıqlar yarandı. Biz sülhsevər olaraq qaldıq".
Analitik Azərbaycan Prezidentinin öz humanizmini göstərdiyini vurğulayıb:
"İlham Əliyev hər dəfə humanizmini göstərir, Ermənistana şans verir. Yeri gələndə biz onlara dəstək veririk. Azərbaycanın yaratdığı imkanları Ermənistan düzgün dəyərləndirməlidir.
Bütün bunlar Azərbaycan Prezidentinin fəaliyyətinin nəticəsidir.
Paşinyanın çıxışlarında baxırdı, revanşistlərə xəbərdarlıq edir ki, əgər düzgün addımlar atmasaq, müharibə başlayacaqdır.
Bu isə özlüyündə Ermənistan üçün çox təhlükəli nəticələr yarada bilər. Əgər bu qorxuya düşüblərsə, bu fikrə, reallığa, həqiqətə gəliblərsə, bu da İlham Əliyevin fəaliyyətinin nəticəsidir".
Müsahibimiz 2025-ci ildə paraflanmış müqavilənin məhz Amerikada imzalanmasına da diqqət çəkib:
"Keçən il Amerikada sülh sazişini parafladıq. Hansı Amerikada ki, o Amerika ATƏT-in Minsk qrupunun həmsədrlərindən idi və bu problemin həlli üçün heç bir iş görmürdü. Bu məsələr Bayden administrasiyası və ondan əvvəlki dövrlərdə uzadılırdı. Bugün isə Azərbaycan bu reallığı Ermənistana da, dünyaya da qəbul etdirmiş oldu".