- “Əliyevin dik duruşunu həzm edə bilmirlər”
- “Rusiyanın bizə qənim kəsilməsinin səbəbi yalnız Qarabağ zəfəri deyil”
- “Azərbaycan heç bir dövlətə qul-köləlik etmir”
Rusiya mətbuatı Azərbaycana qarşı informasiya məkanında cəbhə açıb. AZAL-a məxsus təyyarəyə edilən hücum azmış kimi informasiya cəbhəsində də Azərbaycana yalan-yalnış ifadələrlə hücum edirlər. Azərbaycanı hədəf alan proqramlar və verlişlər sanki bir-birlərindən ilham alırlar. Avqustun 7-də "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı absurd fikirlər səsləndirilib.
Qarayaxma kampaniyasını genişləndirərək 9 avqust tarixində "YouTube" platformasında, 16 avqustda isə "Spas" telekanalında Azərbaycan rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materiallar yayımlanıb. Terrorçuluğu özlərinə peşə seçib, başqalarına don biçənlərin təxribatçı əməlləri hər keçən gün daha qabarıq xarakter alır. Rəsmi Bakı dəfələrlə onların əməlləri barədə xəbərdarlıq etsə də, ritorika daha sərt formada davam etdirilib. Məhz buna görə Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Mövzu ilə bağlı Turan Hərəkatının Başqanı Cahandar Bayoğlu Sherg.az-a bildirib ki, Azərbaycan hər zaman Rusiyanın hədəfində olub:
"Azərbaycan rəhbərliyinə qarşı ardıcıl şəkildə təhqiramiz və terror xarakterli davranışların nümayiş etdirilməsinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra bu kimi hallar daha da intensiv xarakter alıb. Həm mənəvi-psixoloji, həm də siyasi terrordan söhbət gedir. Hətta fiziki terror çağırışları da səsləndirilir. Rusiyanın rəsmi strukturları içərisində, İlham Əliyevin dik duruşunu həzm edə bilməyən və ona qarşı aşkar düşmənçilik aparan ssenari müəllifləri var. Bu qüvvələr Əliyevin timsalında birbaşa Azərbaycanla düşmənçilik eləyirlər. İş orasındadır ki, Azərbaycanı düşmən bilənlərin siyahısı qabarıqdır. Son dövrlər təhqiramiz və qeyri-etik davranışlar digər dövlətlər tərəfindən də geniş vüsət alıb. Avropa mətbuatı rəsmi şəxslərin əsassız açıqlamaları və uydurma faktlara söykənən dırnaqarası təhlil yazıları ilə doludur. Bunun bir adı var: Azərbaycanın müstəqil siyasətinə qarşı dirəniş. Qarabağ savaşında qazandığımız tarixi zəfər və sərgilədiyimiz prinsipial siyasət onların həzm edə bilmədiyi əsas reallıqdır. Bu gün Azərbaycan nə Vaşinqtonun, nə İsrail-İranın, nə də Rusiya və Çinin tərəfində yer alır”.
Müsahibin sözlərinə görə, Rusiyanın bizə qənim kəsilməsinin kökündə yalnız zəfərimiz dayanmır:
“Əgər Ermənistanı işğaldan azad edən Azərbaycan Rusiyanın orbitində fırlansaydı, şübhəsiz ki, Rusiyanın tam dəstəyini qazanmış olardı. Burada söhbət Azərbaycanın heç bir dövlətə qul-köləlik eləməyən müstəqil siyasətindən gedir. Ölkəmizin nümayış etdirdiyi dik duruş qərəzli dairələri hücuma keçməyə təhrik edir. Kreml Ukraynaya göstərdiyimiz humanitar yardıma görə Azərbaycanı qınaq obyektinə çevirməməlidir. Biz Ukraynaya humanitar yardım etməklə, Rusiyanın dövlətçiliyini hədəf almırıq. Rəsmi Bakı dövlətlərarası münasibətlərdə bərabərhüquqlu siyasətə üstünlük verir. Bir tərəfdən Ukrayna ilə ikitərəfli münasibətləri qoruyur, digər tərəfdən Rusiya ilə qonşuluq balansını saxlayırıq. Nə Rusiyanın dövlət maraqlarına, nə də Rusiya-Ukrayna münaqişəsində Ukraynanın milli və dövlət mənafelərinə qarşı çıxış edirik. Müstəqil xarici siyasət yürüdən Azərbaycan beynəlxalq müstəvidə də Ukraynanın suverenliyinə hörmətlə yanaşılmasını vacib sayır. Məsələ yalnız səfirin çağırılması ilə bitməməli, Rusiya mətbuatının yalanlarına cavab olaraq etiraz notası ünvanlanmalıdır”.
C.Bayoğlu onu da qeyd edib ki, Rusiyanın ölkəmizə qarşı həyata keçirdiyi ekspansionist siyasət davam etdikcə, onlara dirənişimiz bir o qədər sərtləşəcək:
“Bugünkü Azərbaycanın dövlət siyasətinə qarşı dünya güclərinin mübarizə aparması yersizdir. Azərbaycan Türk dünyası ilə birgə addımlayır və sürətlə yüksələn Türkiyə ilə sarsılmaz müttəfiqlik kursu yürüdür. Dövlətimizin mövqelərinin daha da möhkəmləndiyi bir vaxtda, Rusiyanın içimizdəki beşinci kolonunu və uzantılarını tamamilə zərərsizləşdirməyin zamanı gəlib çatmışdır. Elə etməliyik ki, təxribatçı ünsürlər, içimizdəki anti-millət ünsürlərlə birləşib, öz çirkli planlarını həyata keçirə bilməsinlər”.