Azərbaycan Respublikasının Prezidenti cənab İIham Əliyev yerli mediaya verdiyi geniş müsahibədə ana dilimizin qorunmasının vacibliyinə bir daha toxundu. Qeyd etdi ki: "çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".
Cənab Prezidentin hər zaman tam hədəfə vurduğunu bildirən siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət "Sherg.az"a açıqlamasında qeyd etdi ki, Cənab Prezident milli maraqlara xidmət edən lider kimi ardıcıl siyasət aparır:
- Xüsusilə dil məsələsi diqqətimi çəkdi. Bəzi ölkələrdə Azərbaycan dilində məktəblərin olmaması məsələsinin vurğulanması çox önəmli idi. Bilirsiniz ki, qonşu İranda 40–50 milyona yaxın soydaşımız – türklər, o cümlədən Azərbaycan türkləri yaşayır. Amma bir dənə də olsun ana dilində məktəb yoxdur.
Rusiyada da təxminən 3 milyona yaxın azərbaycanlının yaşadığı deyilir. Orada da faktiki olaraq Azərbaycan dilində məktəblər yoxdur. Hətta Moskvada bir vaxtlar Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən məktəb belə ləğv edildi.
Cənab Prezidentin bu məsələnin üzərinə getməsi mövzunu yenidən aktuallaşdırdı və şəxsən mən buna çox sevindim.
Təəssüf ki, xüsusilə paytaxt Bakı şəhərində yer adları, obyekt adları olduqca bərbad vəziyyətdədir. Azərbaycan dilindən demək olar ki, əsər-əlamət yoxdur. Bakının mərkəzində gəzən bir insan – xüsusən də xarici turist – lövhələri oxuduqca buranın Azərbaycan olduğunu çətinliklə anlayar. Çünki Azərbaycan dilində yazılara demək olar ki, rast gəlinmir.
Məsələn, Gənclik metrosunun çıxışında Atatürk parkı var. Gözəl, geniş parkdır. Son vaxtlar gəzinti üçün olan bəzi ərazilərini obyektlərə çeviriblər – onu bir kənara qoyaq. Amma çıxın metrodan, birinci parkın adına baxın: “Atatürk park” yazılıb. Halbuki “Atatürk parkı” yazılmalıdır.
Mən bu məsələni vaxtilə ictimailəşdirmişdim. Az qala parkın mühafizəçiləri məni döymək istəyirdilər. Bu hadisə təxminən bir-iki il əvvəl baş vermişdi.
Parkın içinə daxil olursunuz – bir dənə də olsun Azərbaycan dilində obyekt adına rast gəlmirsiniz. Keçirsiniz keçmiş kino teatrının yerinə, oranı söküblər, hələ ki, yerində nəsə tikilməyib. Oradan Ayna Sultanova parkına, Ziya Bünyadov prospekti istiqamətində davam edirsiniz – yenə də Azərbaycan dilində bir dənə obyekt adı yoxdur. Bu, sadəcə bir nümunədir.
Fəvvarələr meydanına daxil olursunuz – turistlərin ən çox gəldiyi, Bakının mərkəzi olan bir ərazi. Azərbaycan dilində adlara çox nadir hallarda rast gəlmək olur. Məsələn, əvvəllər “Araz” adlı kafe var idi, illərdir tanıyırdıq. İndi onun adını dəyişib “Araz Terrace” ediblər. Yəni milli adı belə qeyri-milli çalarla “zənginləşdiriblər”.
Bütün bunlara kim nəzarət etməlidir? Əlbəttə ki, Bakı Şəhər İcra Hakimiyyəti. Eyni zamanda Audio-vizual Şura, Media Agentliyi, televiziya və radio qurumları, onlayn media, qəzetlər də bu məsələdə məsuliyyət daşıyırlar. Cap mediası - qəzetlər bu məsələdə nisbətən qoruyucu mövqedədirlər.
Xatırlayırsınızsa, noyabrın 3-də Milli Elmlər Akademiyasının yubiley tədbirində Prezident İlham Əliyev çıxışında dil məsələsinə xüsusi toxundu. Ardınca Audio-vizual Şura, Media Agentliyi və digər qurumlar Mərkəzi Elmi Kitabxanada birgə tədbir keçirdilər. Mən də həmin tədbirdə iştirak etdim və çıxış etdim.
Televiziya rəhbərlərinin demək olar ki, hamısı oradaydı. Dedim ki, niyə televiziya kanalları adi bir tədbirin keçirilməsini “böyük uğur” kimi təqdim edirlər? Axı bu tədbirin keçirilməsində hansı fövqəladə çətinlik var idi? Hamı məni alqışladı, “əhsən” dedi. Amma sonra kanalları açırsan – yenə eyni mənzərə.
Xarici sözlərin yersiz istifadəsi davam edir. Cənab Prezident də bunu müsahibəsində xüsusi vurğuladı. Xüsusilə bəzi siyasi şərhçilər – mənim həmkarlarım – çıxışlarında anlaşılmaz, süni ifadələr işlədirlər. Araşdırırsan, görürsən ki, özləri xarici dil bilmirlər. Mən ingilis dilini bilirəm, amma çıxışlarımda bir dənə də olsun xarici söz işlətmirəm. Onlar isə bilmədikləri dillərin sözlərini çıxışlarına qatırlar.
Hətta bəzi deputatlar var ki, normal Azərbaycan dilində danışa bilmirlər, amma efirdə əcaib ifadələrdən istifadə edirlər. Bu yolverilməzdir.
A.Həsrət bildirdi ki, dilin qayğısına hamımız qalmalıyıq:
- Bu, təkcə Prezidentin işi deyil – bu, cəmiyyətin hər bir üzvünün borcudur. Təəssüf ki, illərdir bu qüsurları dilə gətiririk, amma məsul qurumlar real addım atmırlar.
Ona görə də düşünürəm ki, məsələnin üzərinə daha ciddi getmək lazımdır. Ana dilimizə - dövlət dilinə hörmətsiz yanaşanlar məsuliyyətə cəlb edilməlidir.