Tehrandan sərt mesaj: “Amerikalılar regiondan çıxmalıdır”

Müharibənin bədəli, İsrailə 16 gündə 7 milyard dollar ziyan dəyib

ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə 16-cı gününə daxil olub. İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri komandanı Əli Rza Tənqsiri Körfəz ölkələrini ABŞ-a qarşı birlik yaratmağa çağıraraq bildirib ki, regionun yeganə çıxış yolu amerikalıların bölgədən çıxarılmasıdır.

Sherg.az xəbər verir ki, İran İsrailə qarşı cavab hücumlarını davam etdirir. Tehran ilk dəfə strateji və bərk yanacaqlı “Siccil” raketlərindən istifadə etdiyini açıqlayıb. Hücumlardan sonra Tel-Əviv başda olmaqla İsrailin bir sıra bölgələrində hava həyəcan siqnalları verilib.

İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, Tehran hücumlarla bağlı region ölkələri ilə birgə araşdırma komissiyası yaratmağa hazırdır və müharibənin yalnız belə hücumların təkrarlanmayacağına əmin olduqda bitəcəyini qeyd edib.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində indiyədək 223 qadın və 202 uşaq həyatını itirib. İsrail mediası isə müharibənin 16 gün ərzində ölkəyə təxminən 7 milyard dollara başa gəldiyini yazır.