• Dünya əhalisi arasında böyük ajiotaj var - Süni intellekt insanları işsiz qoyacaq

  • “Əhalinin 70 faizini işlə təmin etmək mümkün olmazsa... ”
  • İlqar Hüseynli: "Süni intellekt insanları ümidsiz və gəlirsiz qoya bilər”

Stanford Universitetinin yayımladığı açıq məktubda yaxın 10 il ərzində süni intellektin daha da güclənəcəyi bildirilib.

Nobel mükafatlı 16 iqtisadçı, eləcə də Google, OpenAI və Anthropic şirkətlərinin bəzi rəhbərlərinin imzaladığı məktubda qeyd olunur ki, bu proses Sənaye İnqilabından daha böyük, lakin daha qısa müddətdə baş verəcək misli görünməmiş iqtisadi transformasiyaya səbəb ola bilər. Məktub müəllifləri vurğulayıblar ki, süni intellekt həyat səviyyəsinin yüksəlməsi kimi mühüm imkanlar yaratsa da, genişmiqyaslı iş yerlərinin itirilməsi kimi ciddi risklər də daşıyır. Sənəddə hökumətlərə çağırış edilərək, süni intellektin insan əməyini tamamlayan və cəmiyyətin rifahına xidmət edən istiqamətdə inkişaf etməsi üçün müvafiq qanunvericilik, stimullaşdırıcı mexanizmlər və institutların yaradılmasının vacibliyi qeyd olunub.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda ümumən dünya əhalisi arasında böyük ajiotaj var - süni intellekt gəldisə, iş yerlərimizi itirə bilərik, müəyyən ixtisas sahibləri isə daha çox təşviş içindədirlər. Buna görə də dövlət sosial siyasətini tənzimləməlidir: 

- Əgər iqtisadiyyat qısa müddətdə insanları işlə təmin edə bilmirsə və yaxud insanlar gəlirsiz, ümidsiz vəziyyətdə qalırsa, buna dövlətin müdaxiləsi olmalıdır. Bunun üçün müxtəlif sosial layihələr hazırlamaq olar. Düşünürəm ki, birinci növbədə müvəqqəti olaraq insanlar minimum əməkhaqqı ilə işlə təmin olunmalıdırlar. Bura müxtəlif sosial və infrastruktur layihələrin icrası, yolların, parklarıb salınması, meşələrin bərpası kimi işləri həyata keçirmək aiddir. Əhali bu prosesə müəyyən əməkhaqqı müqabilində qoşula bilər. Düşünürəm ki, peşə hazırlığı və yenidən ixtisaslaşdırma sistemini qurmaq lazımdır ki, insanlar bundan sonra özlərinə iş yeri qura bilsinlər. İT sahəsində pulsuz kurslar, elektrik, qaynaqçı peşələri, kənd təsərrüfatının müxtəlif sahələri, logistika üzrə peşə hazırlığını artırmaq lazımdır. Süni intellekt nə qədər bizim həyatımıza daxil olsa da bu peşələrə daim ehtiyac olacaq. Kiçik biznesi dəstəkləməklə, faizsiz və aşağı faizli mikrokreditlərlə əhalini təmin etmək olar, yəni, əsasən, iş yerini itirmiş insanları. Sosial korporativlər, kənd təsərrüfatı və aqrar müəssisələr yaratmaq olar və burada işsiz vətəndaşlar birləşə bilər. Gənclər üçün iş proqramı düşünülə bilər. Əhalini ümidsiz vəziyyətdə qoymamaq dövlətin vəzifəsidir. Burada turizmin, sənətkarlığın inkişafı məsələləri də var. Fikirləşirəm ki, ixtisar olunan işçilərə dəstək paketi yaradılmalı və onlar müvəqqəti gəlirlə təmin olunmalıdırlar. Əhaliyə pulsuz hüquqi və psixoloji yardımlar lazımdır, çünki süni intellekt fenomeni həm də insanlara psixoloji təzyiq göstərir. Əhalinin 60-70 faizini daimi işlə təmin etmək mümkün deyilsə, o zaman dövlət siyasətinin məqsədi yalnız iş yeri yaratmaq deyil, həm də insanları əmək bazarına qaytarmaq olmalıdır.