Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin rəsmiləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Xüsusilə 2024-cü ilin avqustunda Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilədən sonra əlaqələrin “müttəfiqlikdən əbədi dostluğa” doğru inkişaf etməsi Azərbaycan-Özbəkistan münasibətlərinin strateji mahiyyətini daha da gücləndirir.
Bu gün Azərbaycan və Özbəkistanı yalnız tarixi, mədəni və mənəvi yaxınlıq deyil, konkret hüquqi sənədlər, institusional mexanizmlər, yol xəritələri və birgə iqtisadi layihələr əsasında formalaşan möhkəm müttəfiqlik münasibətləri birləşdirir. Əbədi Dostluq haqqında Müqavilənin imzalanması isə bu münasibətlərin uzunmüddətli və nəsilləri əhatə edən siyasi-hüquqi çərçivəyə salınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfərin əhəmiyyəti yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. Azərbaycan-Özbəkistan əməkdaşlığı Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni geosiyasi və geoiqtisadi bağlantının formalaşmasına təsir edən mühüm amillərdən birinə çevrilir. Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika, enerji, rəqəmsal iqtisadiyyat və “yaşıl” layihələr üzrə əməkdaşlıq iki ölkənin Xəzərin iki sahilində yerləşən iqtisadi məkanları daha sıx birləşdirməsi üçün geniş imkanlar yaradır.
Eyni zamanda, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad və qarşılıqlı dialoq münasibətlərin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Bu siyasi iradənin konkret iqtisadi və institusional mexanizmlərlə dəstəklənməsi isə Azərbaycan-Özbəkistan tərəfdaşlığını regionda nümunəvi əməkdaşlıq modelinə çevirir.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafının Mərkəzi Asiya ilə Bakı və Ankara arasındakı bağlantıların gücləndirilməsi baxımından da əhəmiyyət daşıdığını söyləyib:
"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, Türk dünyasının mədəni birlik ifadəsindən çıxaraq, artıq iqtisadi və geosiyasi güc mərkəzinə çevrilməyə başladığının göstəricisi kimi oxunmalıdır.
Azərbaycan burada yalnız qardaş ölkə deyil. Bakı eyni zamanda Mərkəzi Asiyanı Türkiyə və Avropaya bağlayan strateji körpü mövqeyindədir.
Özbəkistan isə əhalisi, istehsal potensialı və Mərkəzi Asiyadakı siyasi çəkisi ilə Türk dünyasının şərq qanadını gücləndirir.
İki ölkənin ticarət, investisiya, logistika və Xəzərdən keçən daşımalar üzərində cəmləşməsi Türk Dövlətləri Təşkilatının konkret layihələr üzərindən institusionallaşmasını hədəfləyir.
Görüşlərdə Orta Dəhlizin inkişaf etdirilməsi, ticarətin artırılması və birgə iqtisadi layihələr əsas başlıqlar arasında idi".
Analitik İlham Əliyevin Daşkənd səfərinin strateji əhəmiyyətinə diqqət yetirməyin vacib olduğunu söyləyib:
"Bakı ilə Daşkənd arasındakı yaxınlaşma Xəzər dənizini sərhəd olmaqdan çıxararaq Türk dünyasının ortaq bağlantı xəttinə çevirir.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə bağlanması və Xəzərdə birgə daşıma imkanlarının inkişaf etdirilməsi halında, Türkiyədən Mərkəzi Asiyaya uzanan fasiləsiz iqtisadi ox meydana çıxacaq.
İlham Əliyev bu səfərlə eyni zamanda ortaq nəqliyyat tariflərinin, gömrük güzəştlərinin, enerji bağlantılarının, investisiya fondlarının və rəqəmsal infrastrukturun yaradılmasını hədəflədiyi mesajını da verir.
Nəticə etibarilə, Prezident Əliyevin səfəri simvolik qardaşlıq görüşü deyil, Türk dünyasının iqtisadi suverenlik və strateji bağlantı axtarışının mühüm addımıdır.
Bu səfərlə əsas hədəflər arasında saydığımız oxun uğur qazanması halında, Türk dünyasının başqalarının qurduğu reallıqda özünə yer axtaran yox, Avrasiyanın yeni düzənini formalaşdıran aktora çevrilməsi istiqamətində atılan güclü addımın başlanğıcı kimi qiymətləndirmək lazımdır".
Ekpsert vurğulayıb ki, İlham Əliyevin səfəri Çin və Rusiyaya da güclü mesaj ehtiva edir:
"Prezidentin Daşkənd səfəri Türk dövlətlərinin böyük güclər arasında seçim etmək əvəzinə, öz aralarındakı bağlantıları gücləndirərək müstəqil fəaliyyət imkanları formalaşdırmağa başladığı mesajını verib".