Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Kristian Ştokerlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Avropa İttifaqı münasibətləri ilə bağlı mühüm mesajlar verib.

Sherg.az xəbər verir ki, Ərdoğan, Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması üzrə dialoq da daxil olmaqla, Aİ-nin atacağı addımlar bütün tərəflərin marağına uyğun olduğunu bildirib.

Türkiyə lideri Avstriya ilə iqtisadi və ticari əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4,5 milyard dollar olub və bu il göstəricinin 5 milyard dollara çatdırılması hədəflənir.

Ərdoğan qeyd edib ki, Türkiyədə 1000-dən çox Avstriya şirkəti fəaliyyət göstərir, Avstriya mənşəli birbaşa investisiyaların həcmi isə 11 milyard dolları ötüb.

O, yaşıl enerji, kritik minerallar, yüksək texnologiyalar, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlıq potensialının böyük olduğunu bildirib. Ərdoğan xüsusilə Orta Dəhlizi gücləndirəcək strateji əməkdaşlığın həyata keçirilə biləcəyini vurğulayıb.

Regional məsələlərə toxunan Ərdoğan Suriyanın ərazi bütövlüyü və birliyinin təmin edilməsinin Türkiyə üçün prioritet olaraq qaldığını deyib. O, Avstriyanın Suriyanın yenidən qurulmasına töhfə verməsini vacib hesab etdiklərini bildirib.

Türkiyə lideri Yaxın Şərqdə davamlı sülh üçün iki dövlətli həllə bağlı olduqlarını, Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının isə mühüm əhəmiyyət daşıdığını qeyd edib. Balkanlarda sabitliyin qorunmasının da Ankara və Vyana üçün prioritet olduğunu vurğulayıb.

Avstriya kansleri Kristian Ştoker isə Türkiyənin Ukrayna-Rusiya müharibəsinin sona çatdırılması istiqamətində səylərini yüksək qiymətləndirib.

Ştoker Ərdoğana müraciətlə bildirib ki, onun şəxsi səylərini də xüsusi olaraq təqdir edirlər. Kansler Türkiyənin mühüm və strateji ölkə olduğunu vurğulayaraq, Ankaranın Ukrayna məsələsindəki mövqeyinə Avstriyanın dəstək verdiyini deyib.

Yaxın Şərqdə Türkiyənin mühüm təsirə malik olduğunu bildirən Ştoker regiondakı zorakılıq dövrünün yalnız diplomatiya və dialoq yolu ilə sona çatdırıla biləcəyini söyləyib.

Kansler həmçinin Hörmüz boğazının daimi açıq saxlanılmasının və gəmiçilik azadlığının təmin edilməsinin vacib olduğunu bildirib.