Ermənistan addım atmasa, Zəngəzur dəhlizi işə düşməyəcək - ANALİTİK

“Vaşinqton sazişi açıqlamalarda qalarsa, sülh mümkün olmayacaq”

“Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi və sərhədin açılması bu gün tamamilə başqa kontekst əldə edib”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, TRIPP layihəsi çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması Mərkəzi Asiyadan Avropa İttifaqına dəmir yolu və avtomobil nəqliyyatı əlaqəsinin qurulması, yeni boru kəmərləri və yeni elektrik ötürücü xətlərinin davamı üçün imkan deməkdir. Nikol Paşinyan əlavə edib ki, gələcəkdə Mərkəzi Asiyadan Avropaya yaşıl hidrogen boru kəməri çəkiləcək: "İndi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədin açılması o deməkdir ki, həmin mümkün boru kəməri üçün əlavə bir marşrut yaranacaq ki, bu da həm region ölkələri, həm də Avropa İttifaqı ölkələri üçün sərfəlidir". Baş nazir hesab edir ki, indiki dövrdə iqtisadiyyat siyasəti qabaqlayır: "Hiss edirəm ki, iqtisadiyyat siyasəti qabaqlayır, bu, çox yaxşı xəbərdir, çünki Ermənistan-Azərbaycan münasibətləri və daha geniş kontekstdə formalaşan iqtisadi əlaqələr və iqtisadi maraqlar sabitlik və təhlükəsizliyin ən etibarlı təminatıdır. Regionun biznesləri bir-biri ilə pul qazanmağa və hər biri öz ölkəsinə əlavə gəlir gətirməyə başlayanda, heç bir ölkə digərinin və ümumilikdə regionun sabitliyini pozmaqda maraqlı olmayacaq, əksinə, ölkələr və regionun sabitliyinə böyük maraq göstərəcək".

Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, əgər kommunikasiyaların açılması ilə bağlı Azərbaycan və Ermənistan arasında konkret müştərək siyasi qərar qəbul olunmazsa, bu məsələnin reallaşması mümkünsüz olacaq. Ekspert vurğulayıb ki, Vaşinqton sazişi çox mühüm bir təşəbbüs, sülh yönündə önəmli hadisə sayılsa da, əsas məsələ Ermənistanın atacağı əməli addımlardan asılıdır: "Vaşinqtonda imzalanmış sənəddə göstərilib ki, Ermənistan tərəfi Azərbaycanın qərb rayonlarına, Naxçıvana maneəsiz gediş-gəlişini təmin etməlidir. Bundan irəli gələn digər məsələlər də həllini tapmalıdır. Yəni prinsipial məqam odur ki, İrəvan hökuməti dəhlizdə maneəsiz və təhlükəsiz gediş-gəlişi təmin etməlidir. Ermənistan ilk növbədə bunu etməzsə, digər məsələlərin də həlli mümkün olmayacaq. Çünki sazişdə bütün bəndlər bir-birini tamamlayır və zəncirvari bir-birinə bağlıdır. Yəni bir şərt digər hansısa şərtin reallaşmaması hesabına həyata keçirilə bilməz. Ermənistan hökuməti başa düşməlidir ki, burada söz oyununa ehtiyac yoxdur. Praqmatik yanaşma ortalığa qoyularaq, konkret addımlar atılmalıdır. Xoş niyyət və müsbət təşəbbüs sadəcə açıqlamalarda, bəyanatlarda qalmamalıdır".

Analitikin sözlərinə görə, Türkiyə tərəfi Zəngəzur dəhlizini dəstəklədiyini dəfələrlə bəyan edib: "Ankara Bakı və İrəvan arasında gedən sülh danışıqlarını birmənalı dəstəkləyir. Türkiyənin mövqeyi odur ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqdan sonra Ankara-İrəvan münasibətləri də normallaşacaq və sərhədlər açılacaq. Bu, həm də Ermənistan və Türkiyənin Zəngəzur dəhlizi üzərindən də əlaqələri genişləndirəcəyi anlamına gəlir".