Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH

  • İrəvan eyni anda iki ittifaqdan faydalanmağa çalışır

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) ilə bağlı son açıqlamaları İrəvanın xarici siyasətində uzun müddətdir davam edən balans siyasətinin hələ də dəyişmədiyini göstərir. 

Ermənistan Baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçirilən rəsmi toplantıdakı çıxışı göstərir ki, İrəvan bir tərəfdən Avropa ilə siyasi münasibətləri inkişaf etdirməyə çalışır, digər tərəfdən isə iqtisadi maraqlarını nəzərə alaraq Aİİ ilə əməkdaşlığı davam etdirmək istəyir. Paşinyan bildirib ki, 2025-ci ildə ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı qəbul edilən qanun sadəcə Ermənistan üçün əlavə çıxış yolu yaratmaq məqsədi daşıyır: "Biz hər iki təşkilatda eyni anda yer ala bilməyəcəyimizi anlayırıq. Həmin qanunun qəbul edilməsi də heç də o demək deyil ki, Ermənistan elə bu gün Avropa İttifaqına üzv ola bilər". Ermənistanın baş naziri həmçinin etiraf edib ki,, Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrlə əməkdaşlığı gücləndirmək Ermənistanın xarici siyasət və iqtisadiyyatında əsas hədəflərindən biridir. O hesab edir ki, bu təşkilatla əlaqələrin daha da genişləndirilməsi onun rəhbərlik edəcəyi yeni hökumətin gələcək planlarında və proqramında xüsusi yer tutacaq.

 Nikol Paşinyanın açıqlamaları fonunda Ermənistanın xarici siyasət kursunu Sherg.az-a şərh edən siyasi elmlər namizədi, professor Cümşüd Nuriyev bildirib ki, İrəvan hazırda geosiyasi reallıqları nəzərə alaraq balanslaşdırılmış siyasət yürütməyə çalışır.

Onun sözlərinə görə, əslində Ermənistanın seçim etmək imkanı var, amma hazırkı şəraitdə İrəvan kifayət qədər praqmatik siyasət yeridir:

"Paşinyan indiyədək hakimiyyətə gələn və Ermənistan dövlətinin taleyini, gələcəyini daha realist qiymətləndirən yeganə siyasi fiqurlardan biridir. Ondan əvvəlki hakimiyyətlərin fəaliyyəti isə əsasən millətçilik və şovinist yanaşmaların təsiri altında olub. Bu baxımdan Paşinyan daha çevik və rasional qərarlar qəbul etməyə çalışır. Ermənistan artıq geosiyasi seçim etmək zərurəti ilə üz-üzədir. Lakin bu prosesi ehtiyatla aparmağa çalışır. Bunun əsas səbəblərindən biri Ukrayna nümunəsidir. Ukraynanın Avropa İttifaqına inteqrasiya kursu fonunda baş verən hadisələr və uzun illərdir davam edən müharibə İrəvan üçün ciddi dərsdir. Ukrayna Avropa İttifaqına inteqrasiya kursunu seçdikdən sonra ərazisini itirdi və Rusiya öz təhlükəsizliyini təmin eləmək adı ilə Ukraynanın 6 əyalətini işğal elədi. 4 il yarımdır müharibə davam edir, nə olacağı da bilinmir. Ermənistan da nəzərə alır ki, onun ərazisində Rusiyanın hərbi bazası fəaliyyət göstərir və bu bazanın qalması ilə bağlı qüvvədə olan razılaşma mövcuddur. Belə şəraitdə kəskin geosiyasi dönüş etmək Ermənistan üçün əlavə risklər yarada bilər. Məhz buna görə də rəsmi İrəvan hazırda balanslı siyasət yürütməyə çalışır. Bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı qorumaq istəyir. Ermənistan rəhbərliyi hesab edir ki, ölkənin milli maraqlarına hansı istiqamət daha çox xidmət edəcəksə, xarici siyasət də həmin maraqlara uyğun qurulmalıdır."

Avropa İttifaqının etibarlı tərəfdaş olmadığını vurğulayan C. Nuriyev qeyd edib ki, Azərbaycan uzun illərdir Avropa İttifaqı ilə əməkdaşlıq edir. Lakin Brüssel Azərbaycana heç vaxt bərabərhüquqlu tərəfdaş kimi yanaşmayıb, əksinə, onu öz geosiyasi maraqları çərçivəsində proseslərə cəlb etməyə çalışıb:

“Bunun əsas səbəblərindən biri də Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olması və 2020-ci ildə yeni hərbi-siyasi reallıq formalaşdırmasıdır. Azərbaycanın əldə etdiyi uğurları qəbul etmək istəməyən qüvvələr var və bu yanaşma Avropa Parlamentinin ölkəmizə münasibətində də özünü göstərir. Bu baxımdan Ermənistanın manevr imkanları Azərbaycandan daha genişdir. Çünki İrəvanın Avropa İttifaqı daxilində, xüsusilə də Fransa kimi güclü siyasi dəstəkçisi var. Əgər Türk Dövlətləri Təşkilatı daha dərin siyasi və iqtisadi inteqrasiya səviyyəsinə çatmış olsaydı, Azərbaycanın da alternativ seçim imkanları daha geniş olardı. Paşinyan da bunu nəzərə alaraq Ermənistanın maraqlarına uyğun siyasət yürütməyə çalışır. O, bir tərəfdən Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri korlamaq istəmir. Bu təşkilatda bir sıra türk dövlətləri də təmsil olunur. Gələcəkdə Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsi gündəmə gələ bilər. Mən hesab edirəm ki, belə bir seçim yaranarsa, iqtisadi baxımdan bu, Azərbaycan üçün faydalı ola bilər. Ancaq bu, yalnız dövlətin milli maraqları əsasında veriləcək strateji qərardır."

C.Nuriyevin fikrincə, hazırkı mərhələdə Ermənistan üçün ən rasional yol hər iki istiqamətdə əlaqələri qorumaqdır: "Ermənistan hazırda elə bir vəziyyətdədir ki, həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərini balanslı şəkildə davam etdirməyə məcburdur. İrəvanda da yaxşı anlayırlar ki, Avropa İttifaqına tamhüquqlu üzvlük qısa müddətdə mümkün deyil. Məncə, Avropa İttifaqının öz daxilində də kifayət qədər problemləri var. Təşkilatın vahid xarici siyasəti formalaşmayıb və üzv ölkələr arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları qalır. Belə bir şəraitdə Ermənistan da anlayır ki, yaxın perspektivdə Aİ-yə üzv olmaq real görünmür. Hesab edirəm ki, Avropa İttifaqı daha çox region ölkələrini öz geosiyasi maraqları çərçivəsində Rusiyaya qarşı istifadə etməyə çalışır. Gürcüstan uzun illərdir Avropa istiqamətində addımlar atır, lakin hələ də üzvlük əldə edə bilməyib. Ukrayna və Moldova nümunələri də göstərir ki, bu proses kifayət qədər mürəkkəbdir və ciddi siyasi nəticələr doğura bilir. Məhz buna görə Ermənistan indiki mərhələdə praqmatik davranmağa çalışır. Rəsmi İrəvan həm Avropa İttifaqının masasında oturur, həm də Avrasiya İqtisadi İttifaqının yaratdığı iqtisadi imkanlardan yararlanmağa üstünlük verir. Hazırkı reallıqda Ermənistan üçün ən məqsədəuyğun yanaşma da məhz bu balans siyasətini qoruyub saxlamaqdır”.