Tural İrfan: “Sülh sazişindən əvvəl iqtisadi və sərhəd məsələlərinə tələsmək narahatlıq yaradar”
"Son vaxtlar Ermənistanla Türkiyə arasında təmaslar nəzərəçarpacaq dərəcədə intensivləşib ki, bu da münasibətlərin normallaşması prosesinə kömək edir". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, qarşılıqlı fəaliyyət bütün səviyyələrdə həyata keçirilir: "Baş nazirlə Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər nazirləri, xüsusi nümayəndələr, eləcə də müvafiq nazirlikləri arasında görüşlər olur. Praktikada, de-yure diplomatik münasibətlər olmasa belə, rəsmi Ankara ilə çox fəal danışıqlar aparır və münasibətlər saxlayırıq". Baş nazir Ankaranın çoxdan gözlənilən siyasi qərarı verəcəyinə ümid etdiyini bildirib: "Ümid edirəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq və diplomatik münasibətlər qurmaq üçün çoxdan gözlənilən siyasi qərarı verəcək". Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan və Azərbaycan arasında sülh, TRIPP layihəsi, Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri və Rusiya ilə konstruktiv dialoq Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb marşrutları ilə yanaşı ən cəlbedici tranzit dəhlizlərindən biri kimi təqdim edə bilər: "Biz bu tarixi fürsəti reallaşdırmaq üçün bütün səylərimizi göstəririk". 
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsi imzalanana qədər müəyyən addımlar atılmalı, proses getməlidir. Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri düzəltməyə borcludur:
"Əlbəttə, bu, erməni tərəfi üçün bir qədər ağır olacaq. Ermənistanın Türkiyə ilə münasibətləri qondarma "soyqırımı" iddiaları ilə yanaşı, keçmiş Qarabağ münaqişəsi səbəbindən də korlanmışdı. Lakin Qarabağ məsələsinin tam və hərtərəfli həlli, eyni zamanda Ermənistanın əsassız "soyqırımı" iddialarından vaz keçməsi durumunda bu münasibətlərin normallaşmasında heç bir problem yoxdur. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh bəyanatının paraflanmasından sonra rəsmi sülhə doğru intensiv fəaliyyət davam etməkdədir. Habelə, Türkiyə və Ermənistan arasında de-fakto müəyyən münasibətlərin inkişafı ümumi sülhə və regionun sabitliyinə töhfə verir. Rəsmi sülh sazişi imzalanana qədər əlaqələr o dərəcədə sağlamlaşmalıdır ki, sülh sazişindən sonra heç bir ciddi problem qalmasın. Təmaslar, görüşlər, iqtisadi-ticari əlaqələrin həm Azərbaycan, həm də Türkiyə ilə sülh sazişindən sonra rəsmi hal alacağı labüddür".
Analitik qeyd edib ki, Türkiyə hər zaman bu münasibətlərdə Azərbaycanın mövqeyini nəzərə alır və maraqlarımıza toxunmadan müvafiq addımlar atır: "Sülh sazişinin təsdiqinə qədər aparılan bütün danışıqlar, görüşlər gələcək münasibətlərin sağlam təməlini formalaşdırmaq üçün zəruridir. Sərhədlərin açılması kimi məsələlər isə təbii ki, yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən sonra tam mümkün ola bilər. Azərbaycanla da dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin təması, görüşü, qarşılıqlı səfərləri baş tutur və bütün bunlar ümumi nəticəyə xidmət edir. Saziş imzalananadək baş tutan münasibətlər hər halda Azərbaycanın maraqlarından kənara çıxmamalıdır. Sülhdən sonra mümkün olan müəyyən iqtisadi və digər əlaqələrin vaxtından tez həyata keçirilməsi isə narahatlıq yarada bilər. Təbii ki, bütün bu məqamları Türkiyə rəsmiləri nəzərə almamış deyil".