Ermənistan Bakıda saxlanılan ermənilərə baş çəkmək üçün neytral ölkəyə müraciət edib – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda saxlanılan ermənilərə konsulluq səfərinin təşkili ilə bağlı üçüncü, neytral ölkəyə müraciət etdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Nazirlik hansı ölkəyə müraciət edildiyini açıqlamayıb.

XİN bildirib ki, Azərbaycanda saxlanılan şəxslərə baş çəkilməsi məsələsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə də mütəmadi müzakirələr aparılır. Ermənistan tərəfinin məlumatına görə, 2026-cı ildə BQXK bu şəxslərə baş çəkmək üçün müvafiq icazə ala bilməyib.

Nazirlik qeyd edib ki, Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılması məsələsi Ermənistan hökumətinin daim diqqət mərkəzindədir.

Məlumata görə, iyulun 8-də Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub göndərərək beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya getmək niyyətində olduğunu bildirmişdi.

Avqustun 20-də Zonabend və erməni məhbusların Avropa İnsan Hüquqları Məhkəməsində maraqlarını təmsil edən Siranuyş Saakyan Ermənistan XİN-in İnsan Hüquqları və Humanitar Məsələlər İdarəsinin, məhbuslar, girovlar və itkin düşmüş şəxslərlə bağlı idarələrarası komissiyanın, eləcə də ombudsman aparatının nümayəndələri ilə görüşüblər.